"İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması baxımından vacibdir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Ölkə başçısı bildirib ki, Azərbaycan tərəfi itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması istiqamətində beynəlxalq müstəvidə diqqətin artırılmasına yönəlik vacib addımlar atıb:

"Bu gün işğaldan azad olunmuş ərazilərdə itkin düşmüş daha 10 nəfərlə bağlı əlavə məlumat təqdim olunacaq. Taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə başsağlığı verir və onlara səbir diləyirəm. 30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşması ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. İtkin ailələrini əmin edirəm ki, Vətən uğrunda döyüşlərdə itkin düşmüş bütün şəxslərin taleyinin aydınlaşdırılması üçün səylərimizi əsirgəməyəcəyik. İtkin düşmüş şəxslər məsələsi post-münaqişə dövründə Ermənistanla aparılan hər bir danışıqlarda, xüsusilə bütün platformalarda tərəfimizdən qaldırılıb. Təəssüf ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəlikləri kobud şəkildə pozaraq itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında Azərbaycan tərəfinə məlumat verməyib. Bunun səbəbləri aydındır. Ermənistan bilir ki, bununla törətdiyi növbəti hərbi cinayətlərin və vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yerinin verilməsi ilə bağlı Ermənistana təzyiq göstərməlidir. Bu, humanitar məsələdir və siyasiləşdirilməsi yolverilməzdir".

Gülşən Şərif