"Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində itkin düşmüş 15 nəfərin eyniləşdirilməsi mümkün olub".

İqtisadiyyat.az xəbər verir ki, Prezident İlham Əliyev Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Prezidentin müraciətində qeyd olunub ki, Ermənistan tərəfinin ərazilərimizi minalarla, partlamamış hərbi sursatlarla çirkləndirməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunmasına prosesinə ciddi maneə törədir:

"Etibarlı mənbələrə əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalmış, qətlə yetirilmiş və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılmışdır. İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələləri daima Azərbaycan dövlətinin diqqət mərkəzindədir. 1993-cü ildə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılıb. Komissiya bu illər ərzində səmərəli fəaliyyət göstərib. 2020-ci ildə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün yeni imkanlar yaranıb. Vətən müharibəsindən dərhal sonra Dövlət Komissiyasının imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların yerlərinin müəyyən olunması işlərinə başlanılıb. Son 2 ildə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar nəticəsində 10 kütləvi məzarlıq aşkar edilib". 

Gülşən Şərif