Ekspert: “Bu ya sekssizimdi, ya da diskriminasiya...

Bu günlərdə sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən “Mayson Car Club” şirkətinin işə yalnız “mini” geyinən qızları qəbul etdiyi barədə məlumat yayılmışdı. Xəbər bir anda sosial şəbəkələrdə müzakirələrə səbəb oldu.

Belə ki, məlumata görə, universitet məzunu olan gənc qız iş axtardığı üçün CV-ni elan saytına yerləşdirib. Ona adıçəkilən şirkətdən məktub yazılaraq, iş üçün şəkillər tələb olunub. Eyni zamanda şirkət ona “dress-code” göndərib. Həmin “dress-code”a əsasən ancaq qısa ətəkli xanımlar işə götürülür.

Məsələ geniş müzakirəyə səbəb olduğundan, adıçəkilən şirkətin cavabı gecikməyib. Şirkətdən qafqazinfo.az saytına açıqlama verilərək bildirilib ki, adminstrator vakansiyası üzrə tələb olunan şərtlərdə qanuna və əxlaqa zidd hər hansı bir uyğunsuzluq yoxdur: “Bizim üçün hər bir əməkdaşımız dəyərlidir! Onu da bildirmək istəyirik ki, qadınlara qarşı aparılan ”alçatma", “ayrı-seçkilik” və qanunsuz aparılan tədbirlərin əleyhinəyik. “Mayson Car Club” olaraq administrator vakansiyası üzrə tələb olunan şərtlərdə qanuna və əxlaqa zidd hər hansı bir uyğunsuzluq yoxdur. Vakansiyaya müraciət edən namizədlərə vəzifə üzrə qeyd olunan şərtlər haqqında məlumatlar verilir və razı olduğu təqdirdə müsahibəyə çağrılır".

Qeyd edək ki, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində daha çox gənc, yaraşıqlı, qısa ətək geyinən xanımlar işə götürülür. Hətta çəkinməyərək, iş elanında da bu barədə məlumat yerləşdirirlər. Bəzi ölkələrdə artıq bu tendensiya adi hala çevrilsə də, etirazlar da az deyil.

Məsələn, ötən ay Rusiyada alüminium istehsalçısı məşhur “Tatprof” şirkəti mini ətək geyinən işçilərinin maaşında artım edildiyini elan etmişdi. Sözügedən şirkət 30 iyuna qədər “Feminizim marafonu” adlı kampaniyaya başladıqlarını açıqlamışdı. Kampaniya çərçivəsində dizlərinin üstündən 5 sm və ya daha qısa ətək, paltar geyinən işçilərə hər saat üçün 100 rubl (3 manat) əlavə maaş ödəniləcək. Qadınların bu mükafatı alması üçün qısa ətək geydikləri zaman foto çəkilməli və şirkət rəhbərliyinə göndərilməlidir. Şirkətin bu addımı ciddi reaksiyaya səbəb olmuşdu. Rusiyadakı sosial şəbəkə istifadəçiləri bu hərəkətlə orada işləyən qadınlara qarşı pis rəftar olduğunu yazıb və şirkətə etiraz ediblər. Şirkətdən verilən açıqlama isə hər kəsi təəccübləndirib: “Komandamızın 70 faizi kişilərdən ibarətdir. Bu cür kampaniyalar stress atmamızı, gündəlik yığdığımız əsəblərdən uzaq qalmamızı təmin edir. Bu, komandanı birləşdirmək üçün yaxşı bir yoldur. Bir çox qadınlar işə gələrkən şalvar geyinir, biz də bu xanımlarımızın özünəinamını artırmaq üçün etmişik. Biz onlara ətək və ya paltar geyməyi seçim edərək qadın ruhunu və cazibədarlığını hiss etmələrini təmin etdik”.

Maraqlıdır, bəs ölkəmizdə işə müraciət edən şəxslərin qarşısına vizual görünüş, mini ətək, yaş həddi kimi şərtlərin qoyulması nə dərəcədə doğrudur?

Ekspertlər qeyd edir ki, Azərbaycanda da elə iş sahələri var ki, o cümlədən xüsusi rütbə və ixtisas tələb edən, hərbi təyinat kimi sahələrdə görünüş, yaş həddi mütləq önəm daşıyır. Bu məsələ konkret olaraq dövlət tərəfindən tənzimlənir. Lakin digər sektorlarda da bu cür tələblərin olması qanunauyğun deyil və işə götürülən şəxsin hüquqlarının pozulması, ayrı-seçkilik deməkdir.

Məsələ ilə bağlı Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov “Yeni Müsavat”a danışdı. Ekspert bildirdi ki, bu kimi hallar qanunla müəyyən olunmalı və tənzimlənməlidir: “Bu cür problemlər hələ də var və davam da edəcək, çünki Əmək Məcəlləsində boşluqlar var. Doğrudur, iş yerlərində ”dres kodlar" ola bilər. Belə ki, kollektiv yığışaraq bir qərara gəlir ki, hər kəs eyni geyimdən istifadə etməlidir və sairə. Yəni, bu praktikada var. Həmçinin dövlət qulluğunda müəyyən bu cür tələblər olur ki, işə götürülən şəxs müəyyən boy və yaş həddində olsun. Yəqin ki, adıçəkilən şirkət də özü üçün müəyyən “dress kod” təyin edib. Lakin bu barədə qanunda heç nə yoxdur və buna baxmayaraq, həm dünyada, həm də ölkəmizdə artıq təşəkkül tapıb. Tez-tez rastlaşırıq ki, şirkətlər işə götürəndə geyimlə bağlı tələblər irəli sürür. Mən düşünürəm ki, bu, qanunsuzdur, çünki Əmək Məcəlləsi bunu tənzimləmir. Beləliklə, bu problem cəmiyyətin, şirkətin deyil, qanunvericiliyindir. Əgər işə götürən şəxsin qarşısına geyim, görünüş, yaş həddi qoyursa, bu, qanunla tənzimlənməlidir. Məsələ qanuniləşdiriləndə də cəmiyyətimizin mentaliteti, dini baxışları, adət-ənənəsi nəzərə alınmalıdır. Məsələn, əgər mən kompüter operatoruyamsa, mənim qarşıma yaş həddi, görünüş tələbi qoyula bilməz. Bu ya sekssizim, ya da diskriminasiyadır".