Bağdad heç bir səbəbə görə İraq ərazisində ABŞ-nin əlavə hərbi birləşmələrinin yerləşdirilməsinə razı olmayacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bunu İraq Nümayəndələr Şurasının (parlament) Təhlükəsizlik və Müdafiə Komitəsinin nümayəndəsi Kərim əl-Məhəmmədavi deyib.

"ABŞ-nin İraqa yeni qüvvələr göndərmək niyyəti ilə bağlı xəbərlərin heç bir əsası yoxdur. Nümayəndələr Şurası, eləcə də İraq hökuməti heç bir səbəb və arqumentdən asılı olmayaraq belə bir addımla razılaşmayacaqlar", - deyə parlament üzvü qeyd edib.

Əl-Məhəmmədavinin sözlərinə görə, İraqa əlavə ABŞ qüvvələrinin göndərilməsi ilə bağlı xəbərlər ölkənin hazırkı Baş naziri Məhəmməd əl-Sudaninin Amerika kontingentinin bütün ölkədən tamamilə çıxarılmasına yönəlmiş səylərinə mane olmaq cəhdidir: "İraq Nazirlər Kabinetinin rəhbərinin bu mövqeyi ölkə parlamenti tərəfindən dəstəklənir".

"Baghdad Today" nəşri qeyd edib ki, əl-Məhəmmədavinin bəyanatı Amerika mediasının Suriya və İraqa 1,5 min Amerika əsgərinin göndərilməsi ilə bağlı yayılan xəbərlərinə cavabdır.