İranda bu ilin dekabrınadək 500-dən çox insan edam olunub. Bu barədə İran İnsan haqları təşkilatı məlumat yayıb. 

Məlumata görə, son 5 ildə ilk dəfədir ölkədə edam edilənlərin sayı 500-ü ötüb.
Qeyd edək ki, İranda 2020-ci ildə 276 nəfər, 2021-ci ildə isə 330 nəfər edam olunub. Hazırda 85 uşaq edam hökmünün icrasını gözləyir. Bu il onların ikisi edam edilib. 

İran İnsan Haqları təşkilatının əldə etdiyi məlumata görə, dekabrın 4-də Rəcai Şəhr həbsxanasında 4 nəfər edam edilib. Onlar adlarının Hüseyn Orduxanzadə, Şahin İmani Mahmudabad, Milad Əşrəfi Atbatan və Mənuçöhr Becandi olduğu məlum olub. Onlar İnqilab Məhkəməsi tərəfindən İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıq və adam oğurluğuna görə ölüm cəzasına məhkum ediliblər.

İslam Respublikası məhkəmə sisteminin məlumatına görə, işdə yeddi müttəhim olub. Digər üç nəfər isə 5-10 il müddətinə azadlıqdan məhrum edilib.

İran İnsan Haqları təşkilatının əldə etdiyi əlavə məlumatlara görə, bu gün səhər saatlarında daha iki məhbus da dar ağacına aparılıb, lakin onların kimliyi və edam cəzası hələlik məlum deyil.