İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim Əl-Malik və Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov qurum rəhbərinin Bakıya səfərinin nəticələrini, həmçinin ICESCO ilə Azərbaycan arasında mühüm tərəfdaşlığı gücləndirmək üçün Azərbaycanın müxtəlif təşkilatları ilə koordinasiya strategiyasını müzakirə ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Təşkilat məlumat yayıb.

Bildirilib ki, Mərakeşin paytaxtı Rabatda yerləşən ICESCO-nun mənzil-qərargahında keçirilən görüş Əl-Malikin təşəbbüsü ilə olub. O, səfir vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevə quruma əvəzolunmaz dəstəyinə görə təşəkkürünü göndərib.

ICESCO-nun Baş direktoru xatırladıb ki, Azərbaycanın yüksək vəzifəli şəxsləri, o cümlədən xarici işlər naziri Ceyhun Bayramov, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Kosmik Agentliyinin (“Azərkosmos”) idarə heyətinin sədri Saməddin Əsədov və ADA Universitetinin rektoru Hafiz Paşayev ilə görüşlər xüsusilə məhsuldar keçib, tərəflər gələcək tərəfdaşlığın möhkəmlənməsinə sadiq qaldıqlarını təsdiqləyiblər.

İclasda həmçinin ICESCO ilə Azərbaycanın müxtəlif səlahiyyətli orqanları arasında koordinasiyada səfirliyin rolu müzakirə edilib, xüsusilə İlham Əliyevin dəstəyi ilə keçiriləcək 2024-cü il üçün Şuşanın İslam Dünyasının Mədəniyyət Paytaxtı kimi qeyd olunması, habelə il boyu bununla bağlı keçiriləcək tədbirlər, həmçinin 2024-cü il – İslam Dünyasının Mədəniyyət Paytaxtı Mərakeşlə Şuşa arasında əməkdaşlığın koordinasiyası müzakirə olunub.

Səfir, öz növbəsində, diplomatik nümayəndəliyin təhsil, elm və mədəniyyət sahələrində üzv dövlətlərə xidmətində rolunu etiraf edərək, səfirliyin Azərbaycan ilə ICESCO arasında tərəfdaşlığın gücləndirilməsi üçün bütün lazımi səyləri göstərəcəyini təsdiqləyib.//Report//