Hindistanın XPoSat peyki PSLV-C58 daşıyıcı aparatı vasitəsilə uğurla kosmosa çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) “X” sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edilib ki, “X-ray” polarimetriya peykinin buraxılışı Hindistan üçün bir ilkdir. Belə ki, əvvəllər analoji cihazlar yalnız ABŞ tərəfindən kosmosa göndərilib.

Məlumata görə, peykin avadanlığı təxminən 50 potensial kosmik mənbədən gələn rentgen şüalarının qütbləşməsini ölçəcək. Bu cür tədqiqatların qara dəliklərin, neytron ulduzların, aktiv qalaktik nüvələrin və pulsar külək dumanlıqlarının təbiətini daha yaxşı başa düşməyə kömək edəcəyi gözlənilir.