Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib.

İqtisadiyyat.az Report-a istinadən xəbər verir ki, tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Vətən müharibəsi veteranları və qaziləri, çağırış yaşlı gənclər və rayon ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib.

Konfransı Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov açaraq qeyd edib ki, müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır: "Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcək inkişaf strategiyasını müəyyən edib. Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan ordusu böyük inkişaf yolu keçib. Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Tədbirdə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən söz açılıb.

Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev, 3-cü qrup Vətən müharibəsi əlili Ayaz Həsənli, Rayon Gənclər və İdman idarəsinin rəis müavini Mirmehdi Heydərov, Qarabağ əlilləri və Şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Rahib Rəsulov, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları rayon şöbəsinin sədri Niyaz Xəlilov mövzu ətrafında çıxış ediblər.