Azərbaycan! Ey Qəhrəman övladın şanlı Vətəni!

Bilirsən ki, Səndən ötrü can verməyə cümlə hazırız! Bu, deyilişi gözəl səslənən bir cümlə deyil. Bu, tarix boyunca əməldə sübut olunmuş bir gerçəklikdir. 

Bu ölkənin 1918-ci ildə yoxdan yaradılmış Cümhuriyyət adlı sevgi dastanı var. 
Bu ölkənin 1988-1990-cı illərdə azadlıq fədaisi olan yüz minlərlə vətəndaşının Müstəqillik zəfəri var. 

Bu ölkənin cəmi 44 günə, iki sutkaya və 23 saat 58 dəqiqəyə sığan qəhrəmanlıq salnaməsi var.

Bilirsən ki, Səndən ötrü qan tökməyə cümlə qadiriz! Nəyə qadir olduğumuzu indi bütün dünya bilir. Sonu canla bitən ölkənin sonuncu vətəndaşı da canını bu torpağa verməyə hazırdır! Ki, Sən Üç rəngli bayrağınla məsud yaşayasan!

Ey sinəsi hərbə meydan olan məmləkət! 

Bu ölkənin həkimi, hərbçisi, müəllimi, mühəndisi, jurnalisti – bu ölkənin hər kəsi öz sahəsinin əsgəri kimi döyüşdü, savaşdı. Minlərlə can qurban oldu və hərə bir qəhrəman oldu! Ki, Sən olasan gülüstan!

Unutma! Nə qədər ki biz varıq, Sənə hər an can qurban. Niyəsini soruşsalar, cavabı sənə olan min bir məhəbbətdir ki, Sinəmizdə tutmuş məkan!

Son 3 ildə bayrağın elə yüksəklərdə dalğalanır ki. Bundan böyük qürur yoxdur. Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə Allah bizə güc verir.

Şanlı Vətən! Şanlı Vətən! Səni təkrar-təkrar oxusaq da, qucaqlayıb bağrımıza bassaq da yenə doymuruq, yenə usanmırıq. Sən yanımızda ola-ola darıxdığımız ən böyük yaşam səbəbisən! 

Yaşamını bu səbəbə qurban verən şəhidlərimizə Allah rəhmət etsin!