Son günlər Ermənistanın şərti sərhəddə törətdiyi təxribat, həmçinin Rusiya sülhməramlı kontinigentinin müvəqqəsi məsuliyyət zonasında yerləşən erməni separatçılarının ənənəvi təxribat əməlləri bölgədə gərginliyi artırıb. Xüsusilə Ermənistan Baş naziri Nikol Paşinyanın separatçılara ünvanladığı təbrik məktubunda dilə gətirdiyi sülh prosesinə zərbə vuran fikirlər iki ölkə arasındakı gərginliyi pik həddə çatdırıb. 

Azərbaycanın erməni separatçılarının bəhanələrini kəsmək üçün Ağdam-Xankəndi yoluna göndərdiyi humanitar yük karvanı isə artıq 1 həftədir ki, orada gözləyir. Dünyaya ac olduqlarını car çəkən separatçılar isə humanitar yükü qəbul etmir və siyasi şantajla məşğuldur. Bütün bunlar nədən xəbər verir? 

Baş verənləri qısaca İqtisadiyyat.az üçün şərh edən 1-ci Qarabağ müharibəsi veteranı, jurnalist, hərbi ekspert Əlisəfa Mehdiyev son 3 ildə baş verənləri belə qruplaşdırıb: "Əvvəlcə zəfər qazanıldı. Ardınca eko-fəalların nəbz yoxlaması baş verdi. Sonra Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılması və Qızıl Aypara cəmiyyətinin Əsgəran ətrafında düşərgə salması. Sonuncu hadisə də nəbz yoxlamasıdır. Növbəti addım həlqələrin daraldılması əməliyyatları olacaq".

Ə.Mehdiyevin fikrincə, Qarabağ münaqişəsinin həlli prosesinə müdaxilə etmək uğrunda böyük dövlətlər ciddi mübarizə aparır. Bəzi regional və qeyri-regional dövlətlər isə bu mövzuda Ermənistanla həmrəydir. Lakin bu nəticəsiz qalacaq: "Ermənistanın tərəfini tutan Rusiya, Fransa və İran Azərbaycana ciddi təsir imkanlarına sahib deyil. Onlar erməni seperatçılarına "qorxma-qorxma" deməkdən başqa bir iş edə bilməyəcəklər. Hər dəfə də bizim vətəndaşımız olmağı qəbul etməyən separatçılar bu və ya digər formada sıradan çıxarılacaq. Üstəlik Ermənistanın daxilində də separatizmə dəstək verən qüvvələrə qarşı böyük bir təzyiq var. 2017-ci ildən ciddi şəkildə güclənən Amerikameylli güclər Köçəryan-Sərkisyan klanını yavaş-yavaş meydandan süpürüb təmizləyirlər".

Hərbi ekspert münaqişəni həm də erməni diasporunun qızışdırmasına diqqət çəkib: "Ermənilərin xoşbəxtliyinə müdaxilə edən təkcə rus, fars və fransız həyasızlığı deyil. Həm də ermənilərin çox varlı yardım təşkilatlarından alınan milyonlarla vəsaitdir. Bundan bəhrələnənlər və yüz illərlə anti-türk ideologiyası ilə yedizdirilən tör-töküntülər hələ xeyli müddət bu cür təxribatlara gedəcəklər".