“Britaniyanın humanitar təşkilatı “Halo Trust” 2000-ci ildən bu yana Qarabağda mina əleyhinə fəaliyyət aparıb. Dövlətimiz həmin ərazilərdə kənar dövlətlərə və kompaniyalara qarşı çıxdığı halda son 20 ildə minaların təmizlənməsinə xeyirxah missiya kimi etiraz etməyib. Nəticədə “Halo Trust” 2000-dən artıq tank, 9000-dən çox piyada əleyhinə minanı hələ işğal dövründə məhv edərək 4,8 milyon kvadratmetr ərazini təhlükəsiz vəziyyətə gətirib. 100-dən çox işçi heyətlə aparılan təmizləmə prosesi 5 rayonumuzu əhatə edib”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, iki il əvvəl Ermənistanın hökumət təmsilçiləri onminlərə erməninin həyatını xilas edən Britaniya təşkilatını minalı ərazilərin xəritələrini, eləcə də müxtəlif xarakterli hərbi və təhlükəsizlik informasiyalarını Türkiyə və Azərbaycanın məxfi xidmət orqanlarına verməkdə ittiham edib.

“Sən demə, həmin kəşfiyyat sənədlərinin əldə edilməsi hesabına ordumuzun tank və topları, hava hücumundan müdafiə sistemləri düşmənə dəqiq zərbələr vurub, silahlı qüvvələrimiz güvənli yollardan keçərək Qələbəyə nail olublar. Təsəvvür edirsinizmi, işçilərinin az qala yarısını yerli ermənilər təşkil edən bir qurumu müharibədəki məğlubiyyətə və “hamı günahkardır” ittihamına qurban vermək, özlərini məsuliyyətdən kənarda saxlamaq üçün istənilən böhtana hazırdırlar. Təbii ki, təşkilat ittihamları rədd edib və sonda İrəvan rəsmiləri geri çəkilib, əməkdaşlığa davam ediblər”, - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Ermənistanda təkcə sözügedən qurumu deyil, eləcə də UNİCEF-in yerli rəhbəri Marian Hattinqi də Azərbaycanla gizli işbirliyində günahlandırıblar. Casus qalmaqalına Britaniyanın “Mİ-6” təşkilatını, Almaniya parlamentinin üzvlərini, Paşinyanın məsləhətçilərini, bəzi hökumət üzvlərini, hətta Ermənistanın təhlükəsizlik qüvvələrini, bu yaxınlarda isə bir neçə əsgəri də əlavə ediblər.
Son 3 ildə bununla bağlı məhkəmə orqanlarında açılan cinayət işlərinin sayı 100-dən artıqdır. Əlbəttə, 44 günlük savaş dövründə məxfi strukturlarımızın peşəkarlığına Ali Baş Komandan yüksək qiymət verib. Lakin əgər “Halo Trust” mina xəritələrini ordumuza vermiş olsaydı, son 3 ildə 57 vətəndaşımızın həyatı itirilməz, 245 vətəndaşımızın ağır yaralanması baş verməzdi”,-deyə Zahid Oruc əlavə edib.