Laçın-Xankəndi yolunda azərbaycanlı eko-aktivistlərin və ictimai fəalların keçirdiyi etiraz aksiyası 3-cü gündür davam edir. Hadisə yerindən İqtisadiyyat.az-a son xəbərləri çatdıran jurnalist Məhəmməd Türkmən bildirir ki, ərazidə etirazçılar üçün gətirilmiş çadırların sayı artırılıb. Üstəlik aksiya iştirakçılarına daha əlverişli şəraitin yaradılması məqsədi ilə ərazidə səyyar sanitar qovşaqlar quraşdırılır. 

M.Türkmən bu gün Laçın dəhlizindən ermənilərə məxsus təcili tibbi yardım maşınlarının keçəcəyi ilə bağlı yayılan xəbərə də münasibət bildirib: "Əvvəl belə bir xəbər yayıldı ki, birazdan yolu açın, ermənilərin təcili tibbi yardım maşınları keçsin. Guya Xankəndidən İrəvana tibbi maşınlar getməlidir. Sonra bu xəbər təsdiqini tapmadı. İndi də deyirlər ki, ərazidən keçəcək maşınlar rus sülhməramlılarına məxsus təminat avtomobilləridir. Onlar da gələrsə, yol açılacaq və keçidlərinə şərait yaradılacaq". 

Jurnalist onu da əlavə edib ki, etiraz aksiyasının yaxın tarixdə, yəni bu günə, yaxud sabaha bitəcəyi real görünmür. Lakin hər şey general Volkovun gəlişindən asılıdır.