Eko-aktivistlərin Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq 2-ci sutkadır davam edir.

Hazırda orada olan jurnalist Məhəmməd Türkmən İqtisadiyyat.az-a açıqlamasında aksiyanın bu gecə də davam edəcəyini və etirazçıların geri çəkilmək fikrində olmadığını bildirib:

“Aksiya iştirakçıları bu gecə də burada qalacaq. Çünki Volkov gəlmir. Əvvəl məlumat yayıldı ki, gələcək. Lakin gəlmədi. Daha sonra xəbər gəldi ki, guya rus sülhməramlıları günorta saat 2-də təzyiq edərək hamını sıxışdırıb çıxaracaq. Amma bu da baş vermədi. Əvəzində etirazçıların sayı artıb. Bu səhər Bakıdan 200-ə yaxın könüllü gənc gəlib. Eyni zamanda bəzi blogerlər də aksiyaya qoşulub".
 
M.Türkmən ermənilərin sosial şəbəkələrdə geniş yaydığı iddianı ifşa edib: “Deyirlər ki, guya azərbaycanlılar bizi blokadaya salıb. Təcili tibbi yardım maşınları buraxılmır. Amma elə deyil. Yolu dəmir maneələrlə bağlayan rus sülhməramlılarıdır. Əgər təcili tibbi yardım maşını gələrsə, azərbaycanlılar yolu açmağa hazırdır. Yolu bizdən öncə ruslar bağlı saxlayıblar”. 

Jurnalist etirazçıların təhlükəsizliyi məqsədi ilə Azərbaycan hərbçilərinin ərazidə keşik çəkdiyini də xüsusi vurğulayıb. 

FOTOLAR: Məhəmməd Türkmən