Bakının Xətai rayonu, Abdulla Rəhimov küç 3 ünvanında yerləşən qarajlar sakinlərə problem yaratmaqda davam edir.

Bununla bağlı Səddam Əhmədov adlı vətəndaş İqtisadiyyat.az-a şikayətində bildirib.

Şikayətçi deyir ki, yaşadığı ərazidə uzun illər əvvəldən qalan Beton zavoduna məxsus 10 mərtəbəli yaşayış binasının qarajları var və bu obyektlərin qanunsuz istifadəsi artıq ciddi problemə çevrilib. 

Belə ki, son illər bina sakinləri özlərinə məxsus olan qarajları başqa şəxslərə satıblar. İddia olunur ki, obyektlər ayrı-ayrı şəxslər tərəfindən icarəyə verilib. Nəticədə sözügedən ərazidə yerləşən qarajlardan sırf avtomobil təmiri kimi istifadə olunur. Bu isə bina sakinlərinin yaşayış şərtlərini çətinləşdirir. Çünki istifadəyə yararsız avtomobillər yolun daralmasına və bina sakinlərinin yoldan istifadəsinə mane olur. Ustalar isə şikayətlə bağlı bildiriblər ki, məlum yol əsas yol hesab olunmur. Yəni bu yoldan alternativ yol kimi istifadə edilir. Bina sakinlərinə görə, ustaların ucbatından alternativ yolun üzünə həsrət qalıblar. Halbuki bu yoldan istifadə etmək onlar üçün daha əlverişli və rahatdır.  Bundan başqa, ərazidə sahibi bilinməyən avtomobillər də park edilib. Bu isə sakinlər üçün əlavə problem yaradır.

"Şəhərin içində yaşasaq da, İndoneziyadan heç bir fərqimiz yoxdur. İcarədarlar yaşadığımız ərazini bərbad hala salıblar. Qarajlardan maşın təmiri obyekti kimi istifadə edilməsi yoldan istifadəmizi mümkünsüz hala gətirib. Hətta taksi sifariş etdikdə belə qeyd olunan əraziyə gələ bilmir. Bu vəziyyətdən bina sakinlərinin hər biri narazıdır. Problemimizlə bağlı 34 saylı polis bölməsinə şikayət etmişik. Lakin heç bir tədbir görülməyib. Xətai Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən ərazi üzrə səlahiyyətləri yoxdur və qarajların fəaliyyətinə müdaxilə edə bilməyəcəklər. Sizdən artıq dərəcədə xahiş edirik ki, problemimizin həllinə dəstək olasınız. Müvafiq qurumlar üzləşdiyimiz problemin həllinə diqqət göstərmirlər", deyə şikayətçi vurğulayıb.

 

%C5%9Famil.jpg

 

Mövzu ilə bağlı hüquqşünas Şamil Paşayev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, qarajın biznes obyekti kimi fəaliyyəti vətəndaşların yaşayış şəraitinə mane törətməməlidir. Əks halda hüquqi müstəvidə problem həll olunmalıdır:

"Qarajlar bina sakinlərinin ümumi istifadəsində olan ərazi hesab olunur. Ona görə də qarajlar satılmadan öncə çıxarışların hansı əsaslarla verilməsi araşdırılmalıdır. Qarajın qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərməsi bina sakinlərinin yaşamaq və işləmək şəraitini çətinləşdirirsə, bu halda adekvat tədbirlər görülməlidir. Ona görə də bina sakinləri tam haqlı olaraq məhkəməyə belə müraciət edə bilərlər".

 

elmad.jpg

 

Qarajın biznes obyekti kimi istifadəsinə qadağa qoyulmadığını bildirən nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, sadəcə olaraq qarajlardan məhz sakinlərin istifadə etməsi daha məqsədəuyğundur:

"Bu gün bir çox tikililər sahibkarlar tərəfindən sakinlərə satılsa da, zirzəmi və ya qaraj pulla satılır. Məsələyə ciddi yanaşmaq lazımdır. Çünki bu problem özbaşınalıqdır. Qarajlar olmadıqda sakinlər maşınlarını harada gəldi saxlamağa məcbur olurlar və nəticədə yollarda sıxlıq yaranır. Müvafiq qurumlar bu problemə məsuliyyətli yanaşmadığına görə, vətəndaşlar əziyyət çəkir".

 

yasin_mustafayev(1).jpg

 

Nəqliyyat eksperti Yasin Mustafayevə görə, qarajlardan biznes obyekti kimi istifadə edilə bilər. Sadəcə bu fəaliyyətin kənar mühitə maneçiliyi olmamalıdır:

"Hər bir vətəndaş şəxsi mülkiyyətində biznes fəaliyyəti ilə məşğul ola, avtomobil saxlamaq üçün nəzərdə tutulan qaraj biznes fəaliyyəti göstərə bilər. Sadəcə olaraq bu fəaliyyət müəyyən çərçivə daxilində baş verməlidir. Yəni sanitar-epidemioloji vəziyyət və təhlükəsizlik məsələləri nəzərə alınmalıdır".

 

261 №-Lİ MƏKTƏB-LİSEY

 

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov isə saytımıza açıqlamasında problemin tezliklə həll olunacağını vurğulayıb:

"Xətai rayonu ən böyük ərazilərdən biridir. Bu ərazidə mütəmadi olaraq abadlıq işləri aparılır. Hazırda da üç məhəllədə davam edir, ikisi artıq bitmək üzrədir. Daha sonra sözügedən ərazidə abadlıq işlərinə başlanılacaq. Yaxın zamanlarda qarajlardakı fəaliyyətlə bağlı ciddi addımlar atılacaq. 

Biz dəfələrlə sözügedən ərazidəki obyekt sahiblərinə xəbərdarlıq etmişik ki, yol açıq saxlanılmalıdır. Çünki orada istifadəyə yararsız maşınların yolda saxlanılması sakinlərin hərəkətinə mane törədir. Sahibkar öz xeyri üçün sakinləri əziyyətə salmamalıdır. Mən bir daha əməkdaşlarımıza tapşıracağam ki, həmin ərazidə müvafiq addımların atılması üçün tədbirlər görsünlər". 

Gülşən Şərif