Göygöldə fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Agentlik əməkdaşları Göygöl rayonu, Zurnabad kəndində fəaliyyət göstərən “Su Səsi” restoranında mənşəyi məlum olmayan və keyfiyyətsiz qida məhsullarının təqdim edilməsi ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında fiziki şəxs Qurbanov Ramin Yunis oğluna məxsus restoranda plandankənar yoxlama keçirib.

Baxış zamanı ictimai iaşə müəssisəsində digər istehsalçılara məxsus butulkalarda qablaşdırılmış, üzərində tərkibi, istehsal və son istifadə tarixləri göstərilməyən kompotlar, mənşəyi məlum olmayan süd məhsulları aşkarlanıb. Həmçinin qida məhsullarının çirklənmə riski yaradacaq şəraitdə, mal qonşuluğu qaydalarına riayət olunmadan saxlanıldığı müşahidə olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq istehlaka yararsız qida məhsullarının istifadəsinin qarşısı alınıb, icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati qaydada tədbir görülüb.