"Sentyabrın 19-20-də tariximizin Ən Böyük Sərkərdəsi - Möhtərəm Prezident cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam bərpa edildi!".

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bildirib.

"Azərbaycan ərazisində erməni separatçılığına son qoyan, xalqımızın və soydaşlarımızın uzun illər böyük həsrətlə gözlədiyi o gün yetişdi - erməni separatçıları ağ bayraq qaldıraraq təslim oldular. Azərbaycan əsgərinin, Azərbaycan zabitinin vətənpərvərliyi, peşəkarlığı və döyüş məharəti qarşısında əlacsız olduqlarını etiraf etməli oldular", - general-polkovnik söyləyib.

DSX rəisi bildirib ki, Ermənistan silahlı qüvvələrinin sarsıdıcı məğlubiyyəti ilə sona çatan bu antiterror tədbirlərinin iştirakçısı olan, ümumi qələbəmizə öz töhfələrini verən hər bir Azərbaycan sərhədçisi bu ali missiyanın daşıyıcısı olmaqdan qürurludur: "Azərbaycan sərhədçisi bu döyüş əməliyyatında da Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş bütün tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirərək düşmənin zirehli texnikalarını, radioelektron mübarizə vasitələrini, radiolokasiya sistemlərini, silah-sursat anbarlarını və müdafiə mövqelərini məhv etdi. Bu Böyük Zəfər bütün dünyaya nümayiş etdirdi ki, xalqının dəstəyinə arxalanan, xalqın sonsuz inamından ilhamlanan sərkərdənin rəhbərlik etdiyi dövlət böyük güclərin müqavimətinə baxmayaraq, öz suverenliyini bərpa etməyə qadirdir! Azərbaycan əsgərinin yenilməzliyi qarşısında döyüş meydanından qaçmaqdan başqa çarəsi qalmayan erməni separatizminin 21 sentyabr tarixdə BMT-nin Təhlükəsizlik Şurasında aldığı zərbə isə Azərbaycan dövlətinin, şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq nüfuzunun növbəti göstəricisi oldu. Həm hərb meydanında, həm diplomatiya müstəvisində qazanılan bu möhtəşəm və əzəmətli Qələbənin bir adı vardır - İLHAM ƏLİYEV!  Çünki gələcəyə hesablanmış və zərgər dəqiqliyi ilə ölçülmüş strateji qərarları ilə bu qələbəni mümkün edən, ardıcıl, məqsədyönlü və fədakar fəaliyyəti ilə onun gerçəkləşməsini günbəgün yaxınlaşdıran, bu qələbənin altından imzasını atmaqla hər bir azərbaycanlının qəlbində özünə əbədi sevgi və ehtiram məşəlini alovlandıran o şəxsiyyətin adı İLHAM ƏLİYEVDİR!".

E.Quliyev vurğulayıb ki, bu gün əsgərindən generalınadək hər bir sərhədçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında xidmət etməkdən qürur duyur və bunun məsuliyyətini dərindən dərk edir:

"Əminliklə demək olar ki, şanlı üçrəngli bayrağımız altında dövlət sərhədlərinin toxunulmazlığını, müdafiə və mühafizəsini həyata keçirmək şərəfinin daşıyıcısı olan Azərbaycan sərhədçiləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında böyük və tarixi zəfərlərin qazanılmasının iştirakçısı olmağa, bu qələbələrə öz töhfələrini verməyə, bunun üçün öz qanlarını və canlarını əsirgəməməyə hər an hazırdırlar!".