"Bu rəqəm 3000 kubmetri keçsəydi, demək olar ki, məsələ öz həllini tapardı"

Bildiyimiz kimi, deputat Fazil Mustafa Milli Məclisin son iclasında təbii qaz və elektrik enerjisinə görə əhaliyə qoyulan limitin artırılması təklifini sürmüşdü. Deputatın təklifində limitin 2 dəfəyə qədər artırılması nəzərdə tutulmuşdu. Nəhayət ki, irəli sürülən məsələnin tətbiqi analiz edilərək Tarif Şurası tərəfindən qərar qəbul edildi. Dünən İqtisadiyyat naziri və Tarif Şurasının sədri Şahin Mustafayev təbii qaz limitinin 1700 kub metrdən 2200 kub metrə qaldırılması haqqında rəsmən açıqlama verdi. Ancaq millət vəkili Fazil Mustafa verilən qərarın təklifdən fərqli olduğunu və limitin az miqdarda artırıldığını bildirib. Deputat bu barədə fikirlərini şəxsi feysbuk hesabında paylaşıb. İqtisadiyyat.Az millət vəkilinin həmin paylaşımını oxucularına təqdim edir.

"Tarif Şurası istehlak olunan qaz üçün limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırdı. Bu hər bir halda irəliyə doğru bir addımdır, ancaq vətəndaşlarımız üçün qaneedici deyil. Milli Məclisdə bizim təklifimiz limitin iki dəfə artırılması olmuşdu. Bu rəqəm 3000 kubmetri keçsəydi, demək olar ki, məsələ öz həllini tapardı. Bununla belə, təkliflərimizin səsləndirilməsindən heç bir həftə keçməmiş hökumət tərəfindən eşidilməsi və qərara yenidən baxılması müsbət tendensiya sayılmalıdır. Hər bir halda bundan sonra da məsələ diqqətimizdə olacaq, elektrik enerjisinin istehlakı ilə də bağlı vətəndaşın durumunu yüngülləşdirici addımlara ehtiyac var, ümid edirəm ki, yaxın günlərdə bu məsələdə də bir irəliləyiş olacaqdır".