Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov İrəvanda Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. 

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Görüş zamanı Ararat Mirzoyan və İmanqali Tasmaqambetov regiondakı vəziyyət, nəqliyyat və iqtisadi əlaqələrin inkişafına yönəlmiş layihələr, o cümlədən Ermənistan Respublikası hökuməti tərəfindən hazırlanmış "Dünyanın kəsişməsi" konsepsiyası barədə fikir mübadiləsi aparıblar", - məlumatda qeyd edilib.

Həmsöhbətlər təşkilatın fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər. KTMT baş katibi Ermənistanın xarici işlər nazirinə KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabr iclasının və KTMT Nazirlər Şurasının birgə iclasının yekunları, habelə Şuranın iclasları barədə məlumat verib. 

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan və Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndələri dəfələrlə bəyan ediblər ki, İrəvan hazırda KTMT-dən çıxmaq imkanını müzakirə etmir, lakin Ermənistan nümayəndələri son aylar təşkilatın tədbirlərində iştirak etməyiblər. Ermənistan KTMT-dəki nümayəndəsini geri çağırıb.