İranın Ermənistana yeni təyin olunmuş səfiri Mehdi Sobhani etimadnaməsini Ermənistan prezidenti Vaaqn Xaçaturyana təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ARMENPRESS məlumat yayıb.

Məlumata görə, səfir Sobhani Ermənistan prezidentinə bildirib ki, o, ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi üçün maksimum səy göstərəcək.

“İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin salamlarını Sizə və dost Ermənistan xalqına çatdırmaqdan şərəf duyuram. İranla Ermənistan arasında münasibətlər çox dərindir. İki ölkənin münasibətlərində böyük potensial var və mən bu potensialdan istifadə etmək üçün bütün səylərimi sərf edəcəyəm. Ümid edirəm ki, birgə səylərlə biz ikitərəfli əlaqələrimizi daha da inkişaf etdirə biləcəyik”, - deyə İran səfiri bildirib.

Prezident Xaçaturyan yeni vəzifəsi müünasibətilə səfiri təbrik edib və onun fəaliyyəti nəticəsində Ermənistanla İran arasında möhkəm münasibətlərin maksimum dərəcədə inkişaf edəcəyinə əminliyini bildirib.

“Cənab Rəisinin salamlarına görə təşəkkür edirəm. Zəhmət olmasa erməni xalqı adından salamlar və xoş arzular çatdırasınız. Ermənistan Respublikası otuz il ərzində böyük çətinliklərdən keçib və bu müddət ərzində İranla əlaqələrimiz bütün sahələrdə, siyasi, iqtisadi və mədəni sahələrdə inkişaf edib”, - prezident Xaçaturyan bildirib.

Eyni zamanda, Ermənistan-İran çoxşaxəli əməkdaşlığı və tərəfdaşlığın davamlı inkişaf perspektivləri müzakirə edilib. Regional əhəmiyyətli proqramların icrası və mövcud potensialdan tam istifadə olunması da müzakirə olunub.

Regional reallıqlar və hadisələrlə bağlı fikir mübadiləsi aparılıb. Bu kontekstdə səfir bildirib ki, İran ölkələrin ərazi bütövlüyü prinsipini müdafiə edir və regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olması prosesini dəstəkləyir. 

Həmçinin yüksək texnologiyalar, infrastruktur və enerji sektorlarında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.