Ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası artıq bir gündən çoxdur ki, davam edir. Hətta Bakıdan da aksiyanın keçirildiyi əraziyə ictimai fəalların axını başlayıb. Eyni zamanda hadisə miqyasını da genişləndirməkdədir. Deputat Razi Nurullayev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, orada olan azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri hazırki əzmini davam etdirməlidir:

“Bu şəkildə dövlətimizə dəstək verməliyik. Mən bunu dəstəkliyirəm və ümid edirəm ki, ekoaktivistlərimiz ordan çəkilməyəcək. Rus sülhməramlıları və orada yaşayan ermənilər heç bir addım ata bilməz. Sülhməramlılar görməlidir ki, Azərbaycan qətiyyət nümayiş etdirir və geri çəkilmək niyyəti yoxdur. Əgər onların qarşısında bu gün geri çəkilsək onlar qələbə çalmış olacaq. Orada olan separatçılar daha da azğınlaşacaq. Əgər rus sülhməramlıları fəallarımıza maneçilik yaratmağa davam edərsə, Xankəndi tərəfdən də ermənilər hücuma cəhd edərsə, bu Azərbaycan qoşunlarının əraziyə yeridilməsinə əsas verəcək.”

Qeyd edək ki, etiraz aksiyasının keçirildiyi ərazidən İqtisadiyyat.az-a verilən son məlumata görə Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkov hələ də əraziyə gəlməyib:

“Volkov əraziyə gələnə qədər etirazlarımız davam edəcək. Əlavə edim ki, Erməni mediasında fake məlumatlar yayılır. Guya Azərbaycan tərəfi bu yolu blokadaya alıb. Amma bu həqiqəti əks etdirmir. Çünki hər iki tərəfdən yolu blokadaya alanlar məhz rus sülhməramlılarıdır. Azərbaycan tərəfi isə həm təcili tibbi yardım maşınlarının keçidinə, həm də mülki şəxslərin keçidinə lazimi şəraiti yaradır.”