Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefonla Kaxovskaya su elektrik bəndi ətrafındakı vəziyyəti müzakirə edib və orada baş verən partlayışı araşdırmaq üçün beynəlxalq komissiya yaradılmasını təklif edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

"Prezident Ərdoğan Kaxovskaya su elektrik bəndində baş verən partlayışla bağlı hərtərəfli araşdırma aparılmasının vacibliyini bildirdi ki, heç bir şübhə qalmasın. Türkiyə bu işdə kömək etməyə hazırdır”, - deyə ofisdən bildirilib.

Tərəflər taxıl müqaviləsini də müzakirə ediblər. Ərdoğan Rusiyanın taxıl və gübrələrinin ixracına maneələrin aradan qaldırılması üçün BMT ilə məsləhətləşmələrin davam etdirilməsində fayda gördüyünü dilə gətirib.

Onu da əlavə edək ki, Ərdoğan bir daha bəyan edib ki, ölkəsi Ukraynada ədalətli sülhün bərqərar olması və münaqişəyə son qoyulması üçün səylərini davam etdirmək və səmimi şəkildə lazımi dəstəyi vermək niyyətindədir.