2019-cu ilin ilk rübündə Rusiya rekord sayda qızıl alıb.

Bu haqda World Gold Council (WGC) məlumat yayıb.

Cari ilin ilk dörd ayı ərzində Rusiya bankı 55,3 ton qızıl alaraq, öz ehtiyatlarını 2168,3 tona qədər artırıb. Təşkilatın məlumatına əsasən, Rusiya bu yolla Qərb Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi təqdirdə, ABŞ dollarından asılılığı azaltmaq niyyətindədir.

Hesabata görə, ümumilikdə dünya mərkəzi bankları arasında son altı il ərzində alınan qızılların miqdarı rekord səviyyəyə çatıb. Cari ilin ilk rübü ərzində ümumilikdə 145,5 ton qiymətli metal alınıb. Bu, keçən ilin analoji göstəricisindən 68 faiz yüksəkdir.

Ən böyük həcmdə qızıl alan mərkəzi banklar arasında Ekvador, Türkiyə, Qazaxıstan, Qətər və Kolumbiyanın adları hallanır. Ən çox qızıl satan ölkələr Özbəkistan, Monqolustan və Tacikistandır.

Əsas qızıl alıcıları dollar asılılığından qurtulmağa çalışan və Qərbi Avropa ölkələri ilə müqayisədə daha az qızıl ehtiyatı olan ölkələrdir.

Qeyd edək ki, qızılın qiyməti bir il ərzində cəmi 1 faiz ucuzlaşıb. Cümə axşamına olan göstəriciyə görə, London birjasında qızılın bir unsiyası 1270 dollara satılıb.