Ordudan təxris olunan hərbçilərin, döyüşçülərin, qazilərin ixtisaslaşmış reabilitasiya mərkəzlərinin yaradılmasına ehtiyac var.

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin noyabrın 13-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

O bildirib ki, bu tip mərkəzlərin yaradılması həmin şəxslərin həm psixoloji, həm də tibbi bərpası üçün addım atmış olunardı: “Odur ki, hökumətdən bu məsələni diqqət mərkəzində saxlanılmasını xahiş edirəm. Bundan başqa, idman sağlamlıq mərkəzlərində gənclərin bu infrastrukdan istifadəsi üçün müəyyən güzəştlər də edilməlidir”.

M.Quliyev söyləyib ki, aparılan doğru sosial-iqtisadi siyasət nəticəsində gələn il üçün ÜDM 2,4 %, qeyri-neft sektorunda 4,6 % artım gözlənilir: “Gələn ilin proqnozuna görə ölkədə 5,3 % inflasiya olacağı gözlənilir. Eyni zamanda ərzaq inflasiyasının bir rəqəmli həddə düşməlidir ki, sosial təbəqəyə aid insanların maddi durumu yaxşılaşsın”.