2005-2013-cü illərdə İran prezidenti olmuş Mahmud Əhmədinejad növbədənkənar prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə siyasətçi sənədlərini seçki qərargahına təqdim etdikdən sonra keçirdiyi qısa mətbuat konfransında bildirib.

"Mən əminəm ki, ölkənin bütün problemlərini milli potensialdan maksimum istifadə etməklə həll etmək olar. Bizim prioritetlərimizdən biri yoxsulluğa qarşı hərtərəfli mübarizə və xalqın rifahının yaxşılaşdırılması olub", - Əhmədinejad qeyd edib.

2003-2005-ci illərdə Əhmədinejad Tehranın meri vəzifəsində çalışıb. 2005-ci ildə siyasətçi ikinci turda 61,75% səs toplayaraq prezident seçkilərində qalib gəlib. 2009-cu ildə o, 63% səslə yenidən vəzifəyə seçilib. Ölkənin icra hakimiyyətinə rəhbərlik etdiyi dövrdə Əhmədinejad Qərbi sərt tənqid etməsi və İranın nüvə proqramının inkişaf tempini artırması ilə yadda qalıb.

Məhz onun prezidentliyi dövründə BMT Təhlükəsizlik Şurası tərəfindən İslam Respublikasına qarşı beynəlxalq sanksiyalar, eləcə də Avropa İttifaqı (Aİ) və ABŞ tərəfindən ən sərt məhdudiyyətlər tətbiq edilib. 2012-ci ildə Aİ İran neftinə embarqonu təsdiqləyib və bu, ölkə iqtisadiyyatına ciddi zərbə vurub. İranın növbəti prezidenti Həsən Ruhani 2015-ci ildə Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa ilə nüvə sazişi - Birgə Hərtərəfli Fəaliyyət Planı imzalayıb. Tehranın nüvə sahəsində fəaliyyətinə nəzarəti gücləndirmək müqabilində BMT Təhlükəsizlik Şurası və Qərb İslam Respublikasına qarşı sanksiyaları ləğv etməli idi. 2018-ci ildə ABŞ-nin o zamankı prezidenti Donald Tramp sazişdən çıxıb. Bu gün Amerika siyasətçiləri İran razılaşmasının faktiki olaraq işləmədiyini etiraf edirlər.

2017 və 2021-ci illərdə Əhmədinejad İranda növbəti seçkilərdə iştirak etmək üçün sənədlər təqdim edib, lakin Konstitusiyanın Keşikçilər Şurası onun namizədliyini rədd edib. 2018-ci il yanvarın 6-da Əhmədinejad 2017-ci ilin sonu - 2018-ci ilin əvvəlində ölkədə baş vermiş hökumət əleyhinə etirazları dəstəklədiyinə görə saxlanılıb. Səbəb siyasətçinin nümayişlər zamanı verdiyi açıqlamalar olub.