DİN-in Baş DYP​ İdarəsinin Müayinə Mərkəzinin əməkdaşları tərəfindən ​idarə etdiyi yük avtomobilinin dövlət qeydiyyat nişanlarına müdaxilə edən sürücü aşkarlanıb. Məlum olub ki, həmin sürücü qanunvericiliyin tələblərini pozaraq, “Zil” markalı nəqliyyat vasitəsinə təhkim olunmuş 62-BD-589 dövlət qeydiyyat nişanlarında “9” rəqəmini boya vasitəsilə dəyişərək “8” rəqəminə çevirib.

Bu barədə İqtisadiyyat.az-a idarədən bildirilib.

Qeyd edilib ki, bu kimi halların yol hərəkəti qaydaları əleyhinə olan inzibati, həmçinin cinayət xarakterli hüquqpozmaların qarşısının alınması və aşkarlanmasında, foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanan qayda pozuntuları ilə bağlı elektron qərarların çıxarılmasında ciddi çətinliklər yaratdığı, bununla yanaşı törədilmiş inzibati xətaya aidiyyəti olmayan şəxslərin haqlı narazılığına səbəb olduğu dəfələrlə qeyd edilsə də, təəssüf ki, hələ də məsuliyyətdən yayınmaq üçün belə uğursuz cəhdlər edən şəxslərə rast gəlinir.

Bütün bunları nəzərə alaraq, bir daha avtonəqliyyat vasitələrinin sahiblərinə və ​ sürücülərinə müraciət edərək bildiririk ki, dövlət qeydiyyat nişanlarına müdaxilə etmək qanunazidd əməldir və inzibati məsuliyyət yaradır.

Unutmayaq ki, bu hərəkətlər həm də təqsirsiz insanlara əziyyət vermək kimi yanlış əməldir!