Qlobal ərzaq qiymətləri avqustda yenidən ucuzlaşmağa başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında deyilir.

Avqust ayında FAO-nun Ərzaq Qiymətləri İndeksi iyul ayı ilə müqayisədə 2,1%, ötən illə müqayisədə isə 24% azalaraq 121,4 bənd təşkil edib. Bu da son 2 ilin ən aşağı səviyyəsidir.

Məlumata görə, FAO taxıl qiymətləri indeksi iyul ayı ilə müqayisədə 0,7% azalıb. FAO Bitki Yağı Qiymətləri İndeksi avqustda 3,1% azalıb. Bu azalmaya səbəb isə iri ixracatçıların yaxşı təklifi olub.

Bu dövrdə FAO-nun düyü qiymətləri indeksi 9,8% artaraq son 15 ilin nominal maksimumuna çatıb. Mütəxəssislər bildiriblər ki, bu, dünyanın ən böyük düyü ixracatçısı olan Hindistanın ixraca qadağa qoyması ilə bağlıdır.

Eyni zamanda, şəkər qiymətləri indeksi 1,3% artıb ki, bu da ötən illə müqayisədə 34% yüksəkdir.

 

Gözəl Həşimova