Dünyada dollarla saxlanılan valyuta ehtiyatlarında azalma müşahidə olunur. Rəsmilər və ekspertlər bunu müxtəlif cür şərh edir. Yaranan vəziyyət dollara ehtiyacın azalması prosesini sürətləndirə bilərmi?
Söhbət qlobal bazarlarda ABŞ dollarının dominantlığını azaltmaqdan gedir. Ən sadə dillə desək – dedollarizasiyadan. Sual yaranır ki, dollar ehtiyatlarının azalması niyə baş verir?

İqtisadiyyat.az xəbər verir ki, “Bloomberg” Media Qrupunun təsisçisi Maykl Blumberq deyir ki, qlobal iqtisadi səhnə hələ də pandemiya ilə bağlı böyük depressiya yaşayır:

“Bundan sonra ən böyük qlobal bankların uğursuzluğu, kredit aktivlərinin azalması, inflyasiyanın artması, Rusiya ilə Ukrayna arasında davam edən müharibə ilə bağlı qarışıqlıqdan qlobal valyutalar da əziyyət çəkir”.
Yaşıl valyuta ilə bağlı narahatlıqları o qədər də ciddiyə almayanlar var. Məsələn, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva davam edən Qətər İqtisadi Forumunda deyib ki, qlobal iqtisadiyyat genişmiqyaslı dedollarizasiya prosesi ilə üzləşməyəcək:

“Dedollarizasiya bir müddətdir ki davam edir və hazırda dünya valyuta ehtiyatlarında ABŞ dollarının payı getdikcə azalır. Əvvəllər valyuta ehtiyatlarının 70 %-ni ABŞ dolları təşkil edirdisə, indi bu göstərici 60 %-ə qədər azalıb. Lakin biz ehtiyatlarla bağlı göstəricinin sürətlə dəyişəcəyini gözləmirik”.

Yeri gəlmişkən, dolların vəziyyətini mənfi istiqamətdə dəyişməyə cəhd edən ölkələr - Rusiya və İran var. Hazırda ticarətdə dollardan imtina müzakirə olunur. Lakin dolların qlobal miqyasda etibarlılığı var.
İqtisad elmləri doktoru, ekspert Cəmşid Ədaləti deyir ki, İran və Rusiya dollarla ticarət etmək istəmirlər:

“Rubl onların öz arasında dominant valyutadır və iki ölkə arasında dollardan istifadə etmək lüzumsuzdur. Amma aparılan pul mübadiləsi həcmi qlobal səviyyədə dolların nüfuzuna təsir edə bilməyəcək .Çünki dollardan imtina etmək istəyənlərin aralarındakı ticarət həcmi böyük məbləğdə deyil”. 
Elə bu məsələnin davamı olaraq bildirək  ki, Dünya valyuta ehtiyatlarının yarısından çoxu, 60 faizi ABŞ dollarında saxlanılır. Ona görə də dedollarizasiya prosesinin baş verməsi çətin, hətta qeyri-real görünür. Sadəcə proses qısamüddətli volatillik yarada bilər.