Covid-19-un yeni variantları olan “Eris” (EG.5) və BA.2.86-nın yayılması bir çox ölkədə koronavirus narahatlığını yenidən gündəmə gətirib. Pandemiya bir çoxları üçün keçmişdə qalmış kimi görünsə də, son mutasiyaya uğramış ştammlar səbəbindən yeni yoluxma halları artmaqdadır.

İqtisadiyyat.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xüsusilə ABŞ başda olmaqla, Avropa və Asiya ölkələrində geniş yayılan “Eris” ştammı ilə bağlı yeni hesabat dərc edib. Əvvəllər "nəzarət altında olan variant" kimi qiymətləndirilən bu ştamın statusu indi "izlənməsi vacib variant"a dəyişdirilib və "Eris"in dünya miqyasında yayılmasının artan sürətlə davam etdiyi qeyd edilib.

EG.5 (Eris) Covid-19-un Omicron variantının alt növüdür və bütün dünyada yayılan digər variantlarla sıx bağlıdır. İyunun sonunda Covid-19 hadisələrinin 7,6 faizini təşkil etdiyi halda, iyulun sonunda qlobal yayılması 17,4 faizə yüksəlib. Digər statistikaya nəzər salsaq, avqustun ilk on günlüyündə 51 ölkədən 7 minə yaxın şəxsin məhz sözügedən varianta yoluxduğu bildirilir. Lakin ÜST-ə görə, bu ştammın ictimai sağlamlıq riski çox böyük deyil. Bu da özündən əvvəlki ştammlara bənzərliyi ilə bağlıdır. 

Cons Hopkins Universitetinin Molekulyar Mikrobiologiya və İmmunologiya Departamentinin professoru Endryu Pekoş da bildirib ki, EG.5 simptomları digər variantlara bənzəyir. Bura qızdırma, öskürək, ümumi halsızlıq, həmçinin burun axması, baş ağrısı və əzələ ağrıları daxildir. Bu varianta yoluxanlar xəstəliyi soyuqdəymə, qrip və ya pnevmoniya kimi keçirir.
ÜST-nin Covid-19 ilə mübarizə komandasının rəhbəri Maria Van Kerkhove bir müddət əvvəl verdiyi açıqlamada digər Omicron alt seriyaları ilə müqayisədə EG.5-in şiddətində heç bir dəyişiklik müşahidə edilmədiyini qeyd edib. 

EG.5 ilk olaraq Çin, Yaponiya və Cənubi Koreyada vüsət alsa da, hazırda Şimali Amerika və Avropada artmaqdadır.

Sözügedən ştamm Böyük Britaniyada yayılan variantlar arasında ən sürətli artım tempinə malikdir və yoluxma hallarının 14 faizini təşkil edir. Ölkənin Sağlamlıq Təhlükəsizliyi Agentliyinə (UKHSA) görə, yeni “Eris” variantı ölkə üzrə hər 7 yeni yoluxmadan birini təşkil edir.

Bu arada ÜST və ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) Covid-19-un yeni yüksək mutasiyaya uğramış alt variantını diqqətlə izlədiklərini açıqlayıb. Söhbət BA.2.86 adlanan yeni variantdan gedir. 

İyul ayından bu yana dörd ölkədə altı BA.2.86 variantına yoluxma faktı qeydə alınıb. Bunlar ABŞ, Böyük Britaniya, İsrail və Danimarkadır.

Kaliforniya Skripps Araşdırma İnstitutunun direktoru Dr. Erik Topol “yeni halların aşkar olunma sürətini nəzərə alsaq, BA.2.86-nın trayektoriyası hazırda yaxşı görünmür” sözlərini dilə gətirib. Onun sözlərinə görə, indi əsas sual BA.2.86-nın yüksək yoluxuculuq qabiliyyətinin olub-olmayacağı ilə bağlıdır. 

Fred Hutchinson Xərçəng Mərkəzinin virusoloqu Jesse Bloom isə qeyd edib ki, BA.2.86 indiki dominant variantlardan daha az yoluxucudur.

ABŞ-də bəzi şirkətlər işçilərinə işə maska ilə gəlmələrini tövsiyə edib. Bəziləri isə daha da qabağa gedərək işçilərə şirkətə gəlməzdən əvvəl analiz vermələrini tələb edib.  

Qeyd edək ki, ÜST-ün son bəyanatında qurumun hazırda 3 “izlənməli olan” və 7 “nəzarət altında saxlanılmalı olan” Covid-19 variantlarını diqqətdə saxladığı bildirilib.

ÜST-nin son epidemioloji bülleteninə əsasən, 2023-cü il iyulun 17-dən avqustun 13-dək tədqiq olunan dövr ərzində 1,4 milyondan çox yeni Covid-19 hadisəsi və 2300-dən çox ölüm qeydə alınıb. Bu, əvvəlki 28 günlük dövrlə müqayisədə hadisələrin 63 faiz artması, ölümlərin isə 56 faiz azalması deməkdir.