Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qaradağ rayonunda ananın ölümü və övladının isə xəsarət alması ilə nəticələnən bədbəxt hadisə barədə məlumat yayıb.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu İqtisadiyyat.az-a bildirib ki, Qaradağ rayonunda ana və qızı yaşadıqları mənzilin doqquzuncu mərtəbəsindəki eyvanından ehtiyatsızlıq səbəbindən yıxılıblar.

O, bədbəxt hadisənin yanlış informasiya olaraq intihar kimi yayılmasının cəmiyyətdə çaşqınlıq yaratdığından təəssüfləndiyini söyləyib.

"Bir daha qeyd edirəm ki,bu kimi həssas məsələlərə diqqətlə yanaşmaq lazımdır. Hadisə isə belə olub: Yaşadıqları evin eyvanında aynaları silən yeniyetmə qız ehtiyatsızlıqdan yıxılma təhlükəsi ilə üzləşib. Son anda qızını xilas etmək istəyən anası da, müvazinətini itirərək onunla birlikdə yıxılıb. Hadisə nəticəsində ana yerindəcə dünyasını dəyişib, qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır".