"İstəyirəm ki, ginekoloq Arzu Seyidəliyeva qızıma qarşı laqeyd ve məsuliyyətsiz hərəkəti üçün məhkəmə qarşısında cavab versin".

İqtisadiyyat.az-a daxil olan şikayətdə, Kazımova İradə Əvəz qızı hamilə qızının həkim məsuliyyətsizliyinin qurbanı olduğunu bildirib.

Şikayətçi deyir ki, ginekoloq Arzu Seyidəliyevanın diqqətsiz yanaşması səbəbilə hazırda ailə üzvləri və qızı psixoloji travmadan əziyyət çəkirlər:

"Qızım Kazımova Aytəkin Nüsrət qızı hamiləlik dönəmində Sumqayıt şəhəri 2 saylı doğum evində çalışan ginekoloq Arzu Seyidəliyevaya doğum təqibi üçün müraciət etmişdi. Hamiləliyin 11-ci həftəsində UZİ olunduqdan sonra həkim qızımı ikili test üçün yönəltməyib. Nəticədə qızım bətnində olan körpənin "daun sindromlu" olduğunu bilməyib. Uşaq dünyaya gələndən sonra (28 May 2023 il) pediatr bizə dedi ki, uşaq böyük ehtimalla daun sindromludur. 

Qızımın birinci hamiləlik dövründə əkiz uşaqları inkişafdan qalaraq tələf olub. Bu barədə həkim Arzu Seyidəliyevaya ətraflı məlumat vermişdik. Əgər birinci uşaq inkişafdan qalıbsa, həkim ikinci hamiləlikdə mütləq ikili test üçün göstəriş verməli idi. Lakin bu həkim az da olsa, məsuliyyət hiss etmədi. Mənə deyir ki, "İkili test versəydiniz və daun sindromu çıxsaydı, nə olacaqdı ki? Abort etdirəcəkdiniz?". Həkim öz səhvini etiraf etməkdənsə, bizi borclu çıxarır. Əgər biz öncədən nəticəni bilsəydik, buna uyğun bir qərar verəcəkdik. İndiki halda həkimin laqeyd yanaşması nəticəsində ailəmizin və qızımın psixologiyası pozulub. İstəyirəm ki, bu həkim qanun qarşısında cavab versin". 

 

 

Şikayətlə bağlı ginekoloq Arzu Seyidəliyeva saytımıza açıqlamasında bildirib ki, məlum məsələ ilə bağlı heç bir günahı yoxdur və şikayətçi istədiyi addımı ata bilər:

"Protokola əsasən, ikili test yoxlanılmır və bu test barədə pasientə mütləq şəkildə məlumat verilməsi də qeyd olunmayıb. 3 aylıq hamiləlik dövründə xanımın nəticələrində hansısa narahatlıq olmayıb. Ona görə də ikili test vermək barədə məlumat verməmişəm. Hamiləliyi də normal keçib. Bu məsələdə mənlik heç nə yoxdur. Əgər UZİ nəticələrində problem olarsa, bu halda pasienti ikili testə yönəldirik. Şikayətlə bağlı xanım istədiyi yerə müraciət edə bilər. Hüquq var, qanun var". 

 

Məsələ ilə bağlı tibbi ekspert Rasif Bağırov saytımıza açıqlamasında vurğulayıb ki, məlum şikayətdə həkimin səhvi var, çünki pasientə məlumat verməyib:

"Azərbaycanda ikili test protokola daxil edilib. İkili test insanlarda irsi xəstəliklərin aşkar olunmasında böyük rola malikdir. Sözügedən məsələdə valideynin şikayət etməyə haqqı var. Çünki valideyn istərdi ki, uşağı normal olsun. İndiki halda xəstə uşaqla bir ömür əziyyət çəkəcək. Bu testin icbari tibbi sığortaya daxil olub-olmadığını bilmirəm, amma ölkəmizdə bu testin qiyməti bahadır. Ona görə də bir çox valideynlər bu testdən imtina edirlər. Bəzən valideynin imkansız olduğunu görən həkim bu testin verilməsini məsləhət görmür. Yaxşı olardı ki, həkim özünü sığortalamaq üçün pasientə ikili test barədə məlumat verərdi. Əslində həkim pasientə bütün variantları deməlidir". 

 

Gülşən Şərif