İndi kimdən soruşsaq, D vitamininin faydalı olduğu barədə məlumatlı olduğunu bildirəcək. Hətta böyük ehtimalla, bir çoxları gündəlik olaraq bu vitamindən qəbul edirlər. Lakin etməyənlər də çoxdur və bunun hansı problemlərə səbəb olduğundan da məlumatsızdırlar. 

Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran dietoloq Əfruz Namazova vitaminin faydası ilə yanaşı, çatışmazlığının yaratdığı problemlərdən söz açıb: "D vitamininin insan orqanizmində o qədər önəmli rolu var ki, bəzən ona hormon da deyilir. Uşaqlarda yetərsizliyi raxit xəstəliyinə yol açdığı üçün yaxın keçmişə qədər yalnız uşaqlarda əhəmiyyəti vurğulanırdı. Böyüklərdə isə D vitamini çatışmazlığı osteoporoz (metabolik sümük xəstəliyi), osteomalyasiya (sümük əriməsi) kimi problemlərə, yəni sümük kövrəkliyi probleminə gətirib çıxarır. Amma son 15-20 ildə aparılmış araşdırmalar onu göstərir ki, əslində D vitamininin bir çox xəstəliklərlə bağlantısı var. Qlükoza metabalizmi, şəkərli diabetdə, immune sistemində, ürək-damar xəstəliklərində, hətta pandemiyasını yaşadığımız Covid19 xəstəliyinin prolikatikasında belə əhəmiyyətli rolu var". 

 

 

 

Bəs D vitaminini təbii şəkildə Günəş şüalarından qəbul etmək kifayətdirmi? Dietoloq bu sualı belə cavabladırıb: "Bizim cəmiyyətdə bu vitaminin çatışmazlığı daha çox görünür. Səbəbi də budur ki, D vitamini insan dərisində sintez olunmağa başlayır, sonra isə böyrək və bağırsaqlarda aktiv formaya keçir. Bunun gerçəkləşməsi üçün Günəş şüaları, B tipli ultrabənövşəyi şüalar olmalıdır. Burada iqlim, mövsüm, havanın rütubəti və s. xüsusi rol oynayır. İl ərzində də hər zaman eyni olmadığı üçün, baxmayaraq ki, biz günəşli bir ölkədə yaşayırıq, D vitamini bizim dərimizdə hər zaman doğru şəkildə sintez oluna bilmir. Bundan əlavə yaş faktoru, dərinin əsmər olmağı D vitamini sintezini yavaşladan amillər sırasındadır. Buna görə də il boyunca əlavə dəstək verilməsi vacibdir".