Çin və Pakistan silahlı qüvvələri hərblərarası əməkdaşlığın səviyyəsini daim artıracaq və regionda strateji tarazlığı birgə təmin edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pakistanın baş naziri Şahbaz Şərifin Çinə səfərinin yekunları üzrə verilən birgə bəyanatda deyilir.  

"Tərəflər ordulararası əməkdaşlığın sürətini və yüksək səviyyədə səfər mübadiləsini davam etdirmək, birgə təlimlərin və hərbi-texniki əməkdaşlığın səviyyəsini daim artırmaq barədə razılığa gəliblər", - sənəddə qeyd olunur.

Əlavə edilib ki, ÇXR və Pakistanın hakimiyyət orqanları iki dövlətin orduları arasında uzun müddət saxlanılan əlaqələrin etibarlı xarakterindən razıdırlar: "Tərəflər müdafiə və təhlükəsizlik sahəsində Çin-Pakistan strateji əməkdaşlığının gücləndirilməsinin sülh və sabitliyin qorunmasında, eləcə də regionda strateji tarazlığın təmin edilməsində əvəzsiz və mühüm rol oynadığını vurğuladılar". 

Şərif iyunun 4-8-də Çində rəsmi səfərdə olub və bu səfər çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpin, Dövlət Şurasının Baş naziri Li Qianq və Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) Daimi Komitəsinin sədri Zhao Leji ilə görüşüb. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər ikitərəfli əməkdaşlığı, beynəlxalq və regional vəziyyəti ətraflı müzakirə edib və istənilən şəraitdə strateji tərəfdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.