Çin Mərkəzi Bankı bankların və kredit təşkilatlarının məcburi ehtiyat normalarını 25 baza bəndi azaldaraq, iqtisadiyyatın bərpasını təşviq etməyi və bazara daha çox likvidlik təmin etməyi hədəfləyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Bankından açıqlama verilib. 

Açıqlamada məcburi ehtiyat nisbətinin 15 sentyabr tarixindən etibarən 25 baza bəndi azaldılacağı bildirilib.

Bəyanatda qeyd olunub: "Qərar iqtisadi canlanmanın əsaslarını gücləndirmək və bazarı kifayət qədər nağd pulla təmin etmək məqsədi daşıyır".

Qərardan sonra maliyyə qurumlarına tətbiq edilən məcburi ehtiyat normalarının 7,4 faizə enməsi nəzərdə tutulur.

Çin Mərkəzi Bankı sonuncu dəfə martın 17-də məcburi ehtiyat dərəcələrini 25 baza bəndi azaldıb.

Bank sentyabrın 1-də bankların və maliyyə qurumlarının ehtiyat kimi saxlamalı olduqları valyuta depozitinin 15 sentyabr tarixindən etibarən 6 faizdən 4 faizə endiriləcəyini açıqlayıb.