“Seçkidə qələbə son deyil, başlanğıcdır. Bu qələbə Türkiyənin makroiqtisadi sabitliyinə və maliyyə bazarlarına təsirsiz ötüşməyəcək. Amma yenə də Türkiyənin nə xarici siyasətində, nə də iqtisadi siyasətində hər hansısa dəyişiklik planlaşdırılmır. Ərdoğanın ucuz lirə siyasətini davam etdirəcəyi gözlənilir. Aşağı faiz dərəcələri, məhdudlaşdırıcı xarici valyuta tənzimləmələri və yüksək inflyasiya valyuta böhranını dərinləşdirə bilər. 

Amma ümidverici məqamlar çoxdur. Qaradənizin və Aralıq dənizinin böyük karbohidrogen ehtiyatlarının bu ölkə üçün geniş imkanlar yaradacağı şübhəsizdir. Təkcə Qara dənizdə kəşf etdiyi ehtiyatlar yaxın müddətdə Türkiyə xaricdən 99% enerji asılılığını 25% azalda biləcək. Hələ Aralıq dənizindən də böyük daha böyük xoş xəbərlər gözlənilir. 

Aparılan yaxın şərq siyasəti uğurlu olarsa, perspektiv dövr üçün Türkiyə Avropanın enerji təminatında həm də təhcizatçı kimi çıxış edə bilər. Bu siyasət eyni zamanda Orta Asiya, Azərbaycan və Yaxın Şərqə məxsus karbohidrogen ehtiyatlarının Türkiyədə birləşərək hab yaratmasına imkan verə və onu logistik mərkəzə çevirə bilər”. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov danışıb.

O, bildirib ki, Türkiyə həm də Orta Asiya və oranın bazarları uğrunda Çinlə mübarizə aparan əsas ölkələrdən birinə çevrilməyə başlayır. Bu işdə isə Azərbaycanın dəstəyi çox böyükdür. 

“Bu ölkənin ixrac imkanları da getdikcə artır, həm də bu xammal və ya kəndli babanın yığdığı kartof-soğan hesabına yox, böyük elmi-texnoloji naliyyətlərə əsaslanan istehsal məhsullarına əsaslanır. Bu baxımdan ixracda hərb sənayesinin payının sürətlə artması şübhəsizdir. Unutmayaq ki, söhbət 200-ə yaxın sənaye zonası, 100-ə yaxın tex­noparkı olan və 170-dən çox ölkəyə müdafiə sənayesi məhsulları ix­rac edən bir ölkədən gedir. 

Ərdoğanın prezident olacağı növbəti beş il ərzində iqtisadiyyatın əsas göstəricisi olan ÜDM-lə bağlı proqnozlar da pis deyil. 

2024-cü ildə 1,09 trilyon dollar, 2025-ci ildə 1,15 trilyon dollar, 2026-cü ildə 1,20 trilyon dollar, 2027-cü ildə 1,27 trilyon dollar, 2028-cü ildə 1,33 trilyon dollar olacağı proqnozlaşdırılır”. 

Qeyd edək ki, analoji dinamika baxımından proqnozun doğrulma ehtimalına nəzər salsaq görərik ki, 2020-ci ildə 720 milyard dollarlıq Türkiyə ÜDM-i 2021-ci ildə 11.4 % artaraq, 817,5 milyard dollar çatıb. 2022-ci ildə isə ÜDM-i 905 milyard dollar gəlib çatib ki, bu da 2020-ci ilə müqayisədə 25% çoxdur. Deməli, R.Ərdoğanın növbəti prezidentlik dönəmində Türkiyə iqtisadiyyatını 1,33 trilyon dollar qaldırması əslində mümkündür.