Honkonqda insanlar bağışladıqları orqanların Çinə göndərilə biləcəyindən ehtiyat edərək donor siyahılarından çıxmağa başlayıblar. Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir. Belə ki, bazar ertəsi yerli hökumət rəsmilərinin açıqladığı statistikaya əsasən, dekabr-aprel ayları arasında 5700 nəfər adlarının orqan donorluğu siyahısından çıxarılması üçün müraciət edib.

Ekspertlər bu tendensiyanın dekabrda baş verən orqan nəqlindən sonra artdığı qənaətindədir. Belə ki, həmin vaxt Honkonqda ürək transplantasiyasına ehtiyacı olan 4 aylıq körpəyə donor tapılmamşış, nəticədə Çində beyin ölümü keçirmiş uşağın ürəyi Honkonqa göndərilərək bu transplantasiya uğurla tamamlanmışdı.

Bu hadisədən sonra orqan transplantasiyalarını asanlaşdırmaq məqsədi ilə ortaq bir sistem yaratmaq qərara alınıb və Honkonqla Çin arasında rəsmi danışıqlar başlanıb. Lakin bu fikir Honkonq cəmiyyətində birmənalı qarşılanmayıb. İnsanlar sosial media platformalarında orqanlarının Çinə getməsinə qarşı çıxaraq məsələni tənqid ediblər. Bundan sonra isə orqan donorluğu siyahısından geri çəkilmə istəkləri sürətlə artmağa başlayıb. 

Rəsmi rəqəmlərə görə, Honkonqda 357 min insan orqan donorluğu siyahısına adını yazdırıb.