Bu gün dumanla əlaqədar bəzi magistral yollarda görmə məsafəsi məhdudlaşacaq. Aprelin 24-də gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 400-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Bu gün Akademik Milli Dram Teatrının truppası Abdulla Şaiqin “Danışan gəlincik” əsəri əsasında səhnələşdirilmiş eyni adlı tamaşa ilə Lənkərana qastrol səfərinə yollanır. Birhissəli musiqili nağıl-tamaşa Əməkdar artist, rejissor Loğman Kərimovun quruluşunda səhnəyə qoyulub. Tamaşa bu gün saat 14:00-da Lənkəran Dövlət Dram Teatrının səhnəsində nümayiş etdiriləcək. Biletin qiyməti 3 manatdır.

Bu gün Azərbaycan Dövlət Kukla Teatrı Qusara yollanır. Kollektiv “Məlikməmməd nağılı”nı səhnələşdirəcək. Tamaşa bu gün saat 12:00-da başlayacaq. 

Azərbaycan Dövlət Pantomim Teatrının heyəti İsmayıllıya səfər edəcək. Bu gün saat 14:00-da İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Pantomim buketi” səhnələşdiriləcək. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan qastrol aksiyası əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsi üçün həyata keçiriləcək.

Bu gün YARAT Müasir İncəsənət Mərkəzində rejissor və ssenarist İsmayıl Səfərəlinin "Balıqçının qızı" tammetrajlı debüt filminin premyerası olacaq. Filmin prodüseri rejissor Mariya İbrahimovadır. Ekran əsəri 1 saat 28 dəqiqədir. Film Azərbaycan dilində, ingilis dilində alt yazılarla nümayiş olunacaq. Tədbir saat 19:30-da başlayacaq. 

Bu gün UEFA Gənclər Liqasında final matçı keçiriləcək Həlledici matçda “Hayduk” (Xorvatiya) və “AZ Alkmaar”ın (Niderland) U-19 komandaları üz-üzə gələcək.