Bu gün nələr gözlənilir? 

İqtisadiyyat.az xəbər verir ki, bu gün Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçiriləcək. Bildirilib ki, ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

Bu gün "Yer saatı” beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Dünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin (WWF Azerbaijan) birgə təşkilatçılığı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin dəstəyi ilə kütləvi aksiya təşkil ediləcək. Aksiya bu gün saat 20:00-da Bakının Nərimanov rayonunda yerləşən Dədə Qorqud parkında "Yer saatı 2023" adı altında təşkil olunacaq. Aksiya zamanı flaşmoblar, hədiyyəli eko müsabiqələr, fasiləsiz musiqi və s. əyləncələrin təşkil olunması nəzərdə tutulur. “Yer saatı” dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. Hər il mart ayının son şənbə günündə qeyd olunan "Yer saatı" aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür. Təşkilatçılar hər kəsi 25 mart 2023-cü il saat 20.30-da işıqları 60 dəqiqəlik söndürməklə aksiyaya qoşulmağa və Planetimizə bir saat vaxt ayırmağa, ekoloji problemlərin həlli uğrunda səylərini əsirgəməməyə çağırır.

Bu gün Avropada yaşayan azərbaycanlıların Brüsseldə İrana qarşı etiraz aksiyası baş tutacaq. Əsas məqsəd İrandakı fars-molla rejiminin Azərbaycan türklərinə qarşı törətdiyi əməllərə etirazdır. Aksiyaya gəlmək üçün xüsusi avtobuslar da nəzərdə tutulub. Təşkilatçıların sözlərinə görə, Norveç, Almaniya, Fransa, İngiltərə, Danimarka, İsveç, Finlandiya kimi ölkələrdən də aksiyaya gələnlər olacaq.

Bu gün Azərbaycanın daha dörd cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.Yarışın ikinci günündə 73 kq-da Rəşid Məmmədəliyev və Nəriman Mirzəyev, 81 kq-da isə Rüstəm Orucovla Elcan Hacıyev tatami üzərinə çıxacaq.

Bu gün Türkiyənin “Qalatasaray” klubu "Qarabağ"la bazar günü keçiriləcək yoldaşlıq oyunu çərçivəsində Azərbaycana gəlir. İstanbul təmsilçisi Bakıya bu gecə saat 12-də çarter reysi ilə gələcək.

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə "Neftçi" klubu "Qəbələ" ilə yoxlama görüşü keçirəcək. Oyun bu gün saat 16:00-da Bakıxanov qəsəbəsindəki Türk Hava Yolları Futbol Mərkəzində təşkil olunacaq.

Bu gün AVRO-2024-ün seçmə mərhələsinin I turunun növbəti oyunları keçiriləcək. A, D və I qruplarında ümumilikdə yeddi qarşılaşma baş tutacaq. Türkiyə yığması səfərdə Ermənistan seçməsinin qonağı olacaq. D qrupunun digər görüşündə Xorvatiya Uelsi qəbul edəcək. A qrupunda İspaniya - Norveç və Şotlandiya - Kipr matçları təşkil olunacaq.