Bu gün nələr gözlənilir?

İqtisadiyyat.az xəbər verir ki, Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. İclas “Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusunda Ankarada keçiriləcək Fövqəladə Zirvə görüşü çərçivəsində baş tutacaq.

Bu gün Ağdamda Azərbaycan hökuməti ilə BMT-nin ölkədə fəaliyyət göstərən nümayəndələri arasında yüksək səviyyəli strateji məsləhətləşmələr keçiriləcək. Tədbirdə 35-dən çox dövlət rəsmisi və BMT nümayəndələri iştirak edir. 

163 nömrəli müntəzəm marşrut xətti (“Koroğlu” NMM-Yeni Ramana yaşayış sahəsi) üzrə sərnişindaşımalar bu gündən “BakuBus”a həvalə edilir.

Bu gün Tərtərin işğaldan azad edilmiş Talış kəndinə sakinlərin köçürülməsinə başlanılır. Daha öncə ilkin mərhələdə oraya qayıdacaq 20 ailə püşkatma ilə kənddə yaşayacaqları evi seçiblər. Köçürülən ailələr indiyədək Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan yerlərdə yaşayıblar.

"Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri bu gün saat 11:00-dan etibarən satışda olacaq. Qiymət müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Iticket.az-ın satış məntəqələri, “Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu və iticket.az-dan əldə etmək mümkündür. Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.

Bu gün Azərbaycanın qadın güləşçiləri Gültəkin Şirinova, Jalə Əliyeva, Birgül Soltanova, Elnurə Məmmədova və Nigar Mirzəzadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında döyüşə çıxacaqlar.