İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir.

16-24 sentyabrda Serbiyanın paytaxtı Belqradda sərbəst güləş üzrə dünya çempionatı keçiriləcək. Azərbaycan yarışda 10 idmançı ilə təmsil olunacaq.

Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə bu gün saat 17:00-da Nizami Kino Mərkəzinin kiçik zalında tanınmış incəsənət xadimi, Əməkdar artist Elxan Qasımovun xatirə gecəsi keçiriləcək. Tədbirə giriş sərbəstdir.

Bu gün “Nizami boutique house” şirkətinin baş sponsorluğu ilə istedadlar müsabiqəsinə - “Bakı payızı-2023. 35 il sonra” yarışmasına start verilir. Müsabiqə sentyabrın 16-dan başlayaraq həftədə 2 dəfə - hər şənbə-bazar günləri AzTV kanalında saat 15:00-da yayımlanacaq, “Mədəniyyət” kanalında isə həmin günlər saat 23:00-da təkrarlanacaq. Müsabiqənin 1-ci turunu sentyabrın 16 və 17-də AzTV-də saat 15:00-da, “Mədəniyyət” kanalında 23:00-da (təkrar) izləyə bilərsiniz. Qala konsert 3 noyabrda saat 19:00-da Heydər Əliyev sarayında keçiriləcək.

Bu gün Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi açılacaq və uşaqlar üçün konsert proqramı təşkil olunacaq. Sərgidə muzeyin kolleksiyasından musiqi sənəti ilə əlaqəli 11 ədəd zəngin kompozisiyalı portret və süjetli xalçalar, qobelenlər nümayiş etdiriləcək. Sərgi 28 sentyabr tarixinədək davam edəcək.

Bu gün Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.

Şuşa Dövlət Musiqili Dram Teatrı 150–ci teatr mövsümünü bu gün gənc yazar Jalə Novruzun “Molla Nəsrəddini tapın” tamaşasının premyerası ilə açacaq.

Bu gündən oktyabrın 23-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkənin beş şəhərini əhatə edən “Türkiyə Mədəniyyət Yolu Festivalları” adlı irimiqyaslı layihə həyata keçiriləcək. 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək. “Kəpəz” öz meydanında “Səbail”lə qarşılaşacaq. “Araz-Naxçıvan” isə “Neftçi”ni qəbul edəcək. 

Finlandiya hökuməti bu gündən etibarən Rusiyada qeydiyyatda olan avtomobillərin ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.

Almaniyada dünyanın ən böyük pivə festivallarından biri olan "Oktoberfest" bu gündən başlayır və oktyabrın 3-dək davam edəcək.