İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Azərbaycan prezidenti İlham Əliyev bu gün Tacikistana səfər edəcək və sentyabrın 14-15-də Düşənbədə keçiriləcək Mərkəzi Asiya dövlət başçılarının görüşündə fəxri qonaq qismində iştirak edəcək.

Bu gün Bakı vaxtı ilə saat 18:00-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyəti qiymətləndirmək üçün dinləmələr keçiriləcək.

Ədliyyə naziri Fikrət Məmmədov bu gün Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi bu gün başa çatacaq. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Bu gün bir sıra universitetlərdə ali təhsil müəssisəsinə yeni qəbul olan tələbələrlə tanışlıq mərasimi keçiriləcək.

Bakının Atıcılıq Mərkəzində gənclər arasında “Hədəf 12” adlı atıcılıq turniri keçiriləcək. “Heydər Əliyev İli”nə həsr olunmuş yarış bu gün saat 18:00-da baş tutacaq.

Bu gün XXI əsr Azərbaycan Rəngkarlıq Muzeyində arxeoloq, eksperimental arxeoloji laboratoriyasının rəhbəri Əjdər Babazadənin “Feminist arxeologiyası (İbtidai-icma quruluşunda qadın)” mühazirəsi keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.

Bu gün Özbəkistan Rəssamlıq Akademiyasında Azərbaycanın tanınmış rəssamı, Əməkdar incəsənət xadimi, Özbəkistan Rəssamlıq Akademiyasının fəxri xarici akademiki Çingiz Fərzəliyevin “Sevinc piyaləsi” adlı fərdi sərgisi açılacaq.

NATO Baş katibi Yens Stoltenberq Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik məkana inteqrasiya üzrə müavini Olqa Stefanişinanı qəbul edəcək. Görüş Ukrayna Baş nazirinin müavinin Brüsselə səfəri çərçivəsində sentyabrın 14-də NATO-nun baş qərargahında baş tutacaq.

Bu gün Brüsseldə Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovonun Baş naziri Albin Kurti arasında görüş keçiriləcək. Görüş Aİ-nin Belqrad-Priştina dialoqu çərçivəsində baş tutacaq.