İqtisadiyyat.az bu günə nəzərdə tutulan hadisələrin siyahısını təqdim edir.

Bu gün Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə yola salınan 25 ailə (123 nəfər) doğma kəndində məskunlaşacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

Bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. 

Bu gün ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görmə məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimal olunur.

Milli Məclisin deputatları Könül Nurullayeva və Naqif Həmzəyev bu gün Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin IX Qlobal Konfransında iştirak etmək üçün Vyetnam Sosialist Respublikasının Hanoy şəhərinə səfər edəcəklər.

Bu gün “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Kürdəmir rayonunda görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” sentyabrın 13-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. 

Bu gün saat 15:00-da "Facebook" və "Instagram" sosial şəbəkələri üzərindən “Azəriqaz” İB rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.

DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 15-də səfərdə Rumıniya ilə qarşılaşacaq futzal millimiz bu gün Bakı-İstanbul-Buxarest hava reysi ilə səfərə yollanacaq. 

Bu gün futbol üzrə Azərbaycanın 1-ci liqası start götürür. İlk oyun günündə Yevlaxın "Karvan" klubu Mingəçevirin eyniadlı komandası ilə qarşılaşacaq. Oyun saat 16:30-da başlayacaq.