İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı bu gün çıxacaq “Abituriyent” jurnalının 9-cu sayında təqdim olunacaq. 

Bu gün aparılan təmir-bərpa işləri ilə əlaqədar saat 09:00-dan Yevlax və Ağdaş rayonlarının bir hissəsinin, Şəki, Qax, Oğuz, Zaqatala və Balakən rayonlarının isə tam olaraq, həmçinin Qazax rayonunun bir hissəsinin (1 gün ərzində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu gün "Azəriqaz" İB-nin növbəti “Açıq mikrofon” aksiyası Qobustan rayonu, Ərəbşalbaş kəndində (İcra nümayəndəliyinin qarşısı) baş tutacaq. Aksiya saat 11:00-dan 12:00-dək vətəndaşların xidmətində olacaq. 

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov bu gün saat 10:00-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Bu gün Bakıda futbol üzrə Azərbaycan milli komandası İordaniya millisi ilə yoldaşlıq görüşü keçirəcək. Oyun saat 20:00-da start götürəcək.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın Rusiyaya rəsmi səfəri başlayıb. Ş.Koreya liderini aparan qatarın bu gün sərhədi keçərək Rusiyaya gələcəyi gözlənilir.

Belarus hökuməti ölkənin Slovakiyadakı səfirliyini bağlamaq qərarına gəlib. Qərar bu gündən qüvvəyə minir.