İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir.

Bu gündən başlayaraq sentyabrın 14-dək (11-13 sentyabr) Türkmənistanın Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun altıncı iclası keçiriləcək. Müzakirələrdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan nümayəndə heyətləri iştirak edəcəklər. Azərbaycanı iclasda Xarici İşlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. 

Yeni Azərbaycan Partiyasının (YAP) gənclərdən ibarət nümayəndə heyəti bu gün Çin Xalq Respublikasına səfər edəcək. Səfər sentyabrın 19-na qədər davam edəcək. 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün saat 10:00-da Astara şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Lerik, Lənkəran, Yardımlı, Masallı, Cəlilabad və Astara rayonlarının sakinlərini qəbul edəcək. 

Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov bu gün saat 10:00-da Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan və qida təhlükəsizliyi qeydiyyatından keçmiş şirkətlərin əməkdaşları üçün bu gündən ödənişsiz təlimlərə başlayır. 

Bu gün Ermənistan ABŞ ilə EAGLE PARTNER 2023 hərbi təlimlərinə start verir. Sentyabrın 20-dək Ermənistan ərazisində keçiriləcək təlimlərdə 85 amerikalı, 175 ermənistanlı hərbçi iştirak edəcək.

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı baş tutacaq.  

Səudiyyə Ərəbistanının Baş naziri, vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudun bu gün Hindistan prezidenti Draupadi Murmu ilə görüşü nəzərdə tutulub.