İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 102 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 95 ailə, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib. 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Erkin Qədirli və Kamal Cəfərov Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Monitorinq, Hüquqi məsələlər və insan hüquqları komitələrinin 7-15 sentyabr tarixlərində Fransanın Paris şəhərində keçiriləcək iclaslarında iştirak edəcəklər.

Bu gündən Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) AYİB-in birinci vitse-prezidenti və Müştəri Xidmətləri Qrupunun rəhbəri Yurgen Riqterinkin Cənubi Qafqaza səfəri başlayır. Birinci vitse-prezident Azərbaycana bu gün səfər edəcək. Səfər çərçivəsində Y.Riqterinkin hökumət rəsmiləri, mərkəzi bankın rəhbər şəxsləri, biznes liderləri və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri ilə görüşü planlaşdırılır.

Dövlət Əmək Müfəttişliyi Xidməti bu gün Sumqayıtda tədbir keçirəcək. Sözügedən görüş “Uşaqların əmək hüquqları. Məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusunda olacaq və işəgötürənlərin maarifləndirilməsi məqsədini daşıyacaq. 

Bu gün aparılan təmir-bərpa işləri ilə əlaqədar saat 10:00-dan Xətai rayonunun S.Vəzirov, N.Əliyev, S.Sinuşkin, Y.Səfərov, A.İsmayılov, F.Bayramov, M.Rəfibəyli, M.Mehdizadə, S.Orucov küçələrinin, Ağ Şəhər, Babək və Xocalı prospektlərinin, eləcə də Göyçay rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün Azərbaycanla bağlı 2 qərarını elan edəcək. 

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün Cakartada keçiriləcək Şərqi Asiya Sammitində iştirak edəcək.

Avropa İttifaqının ali nümayəndəsi, vitse-prezident Cozef Borrell bu gün Gürcüstana səfər edəcək. Bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin yaydığı məlumatda deyilir. 

Çimərlik güləşi üzrə Azərbaycan millisinin üzvləri Dünya Seriyasının 4-cü mərhələsində iştirak edəcəklər. Yarış bu gün Rumıniyanın Konstansa şəhərində başlayacaq. İki gün davam edəcək Dünya Seriyasının 4-cü mərhələsində Ramiz Həsənov (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) mübarizə aparacaqlar.