İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir.

Milli Məclisin payız sessiyası çərçivəsində komitə iclasları başlayır. Bu gün parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyası çərçivəsində ilk iclası keçiriləcək.

Bu gün saat 15:00-da "Facebook" və "Instagram" sosial şəbəkələri üzərindən “Azəriqaz” İB rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Azərbaycana səfər edəcək. Türkiyəli nazirin səfəri sentyabrın 6-8-nə planlaşdırılıb. Səfər çərçivəsində A.Yerlikaya Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təbii fəlakətlərin nəticələrinin və fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə nazirlərinin Bakıda keçiriləcək ikinci iclasında iştirak edəcək.

ABŞ dövlət katibi Entoni Blinken bu gün Ukraynaya səfər edəcək.

Ukrayna Ali Radası Əmlak Fondunun keçmiş sədri Rüstəm Umerovun ölkənin müdafiə naziri vəzifəsinə namizədliyinə baxacaq.

ABŞ bu gün ballistik raket sınağı həyata keçirəcək. Birləşmiş Ştatların Müdafiə Nazirliyi Rusiya tərəfinə bu gün səhər saatlarında Minuteman III ballistik raketinin sınağının keçirəcəyi ilə bağlı xəbərdarlıq edib.

Rusiyanın Danimarkadakı səfirliyi bu gündən bütün konsulluq məsələləri ilə bağlı ərizə və sənədlərin qəbulunu dayandıracaq. Bildirilib ki, bu addım Danimarkanın rusiyalı diplomatik işçilərin sayını azaltmaq qərarına görə atılıb. 

NASA xəbər verir ki, sentyabrın 6-dan 12-dək beş asteroid Yer kürəsinin yanından keçəcək. "JA5" adlandırılan ilk asteroid bu gün Yerin yanından keçəcək. Ev ölçüsündə olan bu asteroid Yerdən 5,1 milyon km məsafədən keçəcək.

18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edəcək “Sabah”ın basketbol komandası Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıqlarını davam etdirir. Komanda bu gün hazırlıq çərçivəsində Serbiyanın paytaxtı Belqrad şəhərinə yollanacaq. Sentyabrın 18-nə kimi davam edəcək təlim-məşq toplanışı zamanı 6 yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub.