İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir.

Baş prokuror Kamran Əliyev bu gün saat 10:00-da Şabran rayon prokurorluğunun inzibati binasında Şabran, Siyəzən və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək.

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bu gün saat 10.00-da Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək. 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə sentyabrın 1-3-də Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək. Forum bu gün Şamaxı şəhərində işə başlayacaq, sentyabrın 2-3-də Bakıda, “Gülüstan” Sarayında davam edəcək.

Bu gündən başlayaraq sentyabrın 3-dək Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasında VI Robot Olimpiadası keçiriləcək. Olimpiadada 4 kateqoriya üzrə 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər yarışacaqlar. Ümumilikdə bu kateqoriyalar üzrə Respublikanın 20 rayon və şəhərindən 249 komanda qeydiyyatdan keçib. 

Balıqların kürüləmə dövrü ilə əlaqədar 2023-cü il mayın 1-dən sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti bu gün bitir.  

Bu gün aparılan təmir-bərpa işləri ilə əlaqədar Binəqədi rayonunun bir hissəsində qaz təchizatında fasilə yaranacaq. 

Bu gün Rusiya prezidenti Vladimir Putin "Fürsətlər diyarı” platformasının layihələri çərçivəsində “Vacib olandan danış” adlı açıq dərs keçirəcək. Bu dərsdə görkəmli akademik nailiyyətləri olan, beynəlxalq olimpiadaların qalibləri olan 30 məktəbli iştirak edəcək. 

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək. 

Fransa hökumətinin pensiya islahatı çərçivəsində qəbul etdiyi, kütləvi etirazlara və tətillərə səbəb olan bir sıra qərarlar bu gündən qüvvəyə minir.  

Əsas dəyişikliklərdən biri pensiya yaşının artırılması olacaq. Belə ki, bu gündən ödənişlərin tam şəkildə alınması üçün minimum pensiya yaşı 62 deyil, 62 yaş 3 ay olacaq. 

"HONOR" şirkəti bu gün Bakı vaxtı ilə saat 12:00-da Berlində IFA beynəlxalq sərgisi çərçivəsində "Gələcəyi Kəşf Et" adlı təqdimat mərasimi təşkil edəcək. Məşhur brend təqdimatda özünün yeni "Magic" seriyasından qatlanan smartfonlarını, qabaqcıl planşetlərini və qlobal bazar üçün digər yeni cihazlarını anons etməyi planlaşdırır.  

Bu gün Avropa Liqasında və Konfrans Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Monako şəhərində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Azərbaycan təmsilçisi “Qarabağ” ötən il olduğu kimi bu dəfə də 2-ci səbətdə yer alıb.