İqtisadiyyat.az bu gün baş verməsi gözlənilən hadisələrin siyahısını təqdim edir. 

Bu gün pedaqoji stajı 3 il olan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlər, həmçinin sertifikasiyada könüllü şəkildə iştirak etmək istəyən yaşı 60 və daha çox olan təhsilverənlər test imtahanı verəcəklər. 

Bakı Dövlət Universitetində (BDU) 2023/2024-cü tədris ilində təkrar ali təhsil üzrə sənəd qəbulu davam edir. Sənəd qəbulu prosesi bu gün saat 18:00-da yekunlaşacaq. Əlavə təhsil almaq istəyən şəxslər portal.edu.az vasitəsilə elektron formada qeydiyyatdan keçə bilərlər. 

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən bu gün Şəki şəhərində, Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Şəki və Qax rayonlarından olan sakinlərin qəbulu keçiriləcək. Görüş saat 10.00-da başlanacaq.  

Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov bu gün Şamaxı şəhərində ədliyyə fəaliyyəti ilə bağlı Şamaxı, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün Azərbaycandan göndərilmiş 8 ərizə üzrə 3 qərar və qərardadını elan edəcək. 

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulacaq. Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" da cavab matçında çıxacaq. Ağdam klubu Bakıda Sloveniya "Olimpiya"sını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq və İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq. 

Azərbaycan millisinin və "Neftçi" klubunun 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Pon du Qar mərhələsində yer aldıqları qruplar və keçirəcəkləri oyunların təqvimi müəyyənləşib. Millimiz əsas qrupa vəsiqə qazanmaq üçün təsnifat qrupunda Monqolustan və Malayziya ilə mübarizə aparacaq. İlk görüş bu gün saat 17:00-da Malayziya yığmasına qarşı olacaq. “Neftçi” isə B qrupunda Niderland və Misir milliləri ilə münasibətləri aydınlaşdıracaq. "Ağ-qaralar" ilk görüşünü bu gün saat 19:35-də Misir yığmasına qarşı keçirəcək. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Moskvada danışıqlar aparacaq.