İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir

Bu gün saat 09:00-dan etibarən Ağsu, Qəbələ, Hacıqabul və Sabirabad rayonlarının bir hissəsinə qaz verilişi dayandırılacaq. Məhdudiyyətin müvəqqəti tətbiqi qaz təchizatı infrastrukturunun ayrı-ayrı hissələrində təmir və sınaq işlərinin aparılması ilə əlaqədardır.

Bu gün Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan daha 13 ailə - 52 nəfər doğma Laçın şəhərində məskunlaşacaq. Bununla da Laçın şəhərində 247 ailə, yəni 956 nəfərin daimi məskunlaşması təmin edilmiş olacaq.

Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərracın keçirilməsi planlaşdırılır.

Bu gün Bakı Fond Birjasının təşkilatçılığı ilə Kapital Bazarı iştirakçılarına eləcə də potensial investorlara Repo bazarının imkanları mövzusunda vebinar keçiriləcək. 

Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsindən uğurla keçən namizədlər bu gün saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.  

Mədəniyyət naziri Adil Kərimli bu gün saat 10:00-da Tovuzda vətəndaş qəbulu həyata keçirəcək. Görüş Nizami adına Mədəniyyət Evində (Tovuz rayonu, Bəhram Əsgərov küçəsi, 3) baş tutacaq. Görüşdə Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşların qəbulu nəzərdə tutulur.

"Azəriqaz"ın növbəti "Açıq mikrofon" aksiyası bu gün Masallıda baş tutacaq. Görüş saat 12:00-dan 13:00-a qədər Heydər Əliyev Mərkəzinin qarşısında keçiriləcək. 

Fransa Laçın yolu və Qarabağdakı ermənilərlə bağlı BMT Təhlükəsizlik Şurasında qətnamə hazırlayır. Bununla yanaşı, bu gün Avropa İttifaqı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında İrəvan Parisin köməyi ilə Laçın yolundakı vəziyyətlə bağlı məsələni gündəliyə salmağa cəhd edə bilər. Ermənistan KİV-in məlumatına görə, bu gün həmçinin Paris meri Ann İdalqo və Strasburq meri Janna Barseqyan Ermənistana səfər edəcəklər. Onlar ölkəyə özləri ilə Qarabağdakı separatçılar üçün “humanitar yardım” aparacaqlar, hətta yük maşınlarını şəxsən müşayiət edəcəklərinə söz veriblər.

İsveçrədə yaşayan azərbaycanlılar bu gün Urmu gölü ətrafında baş verən ekoloji fəlakətə diqqət cəlb etmək məqsədilə Bern şəhərində aksiya keçirəcəklər. Aksiyanın yerli vaxtla saat 17-dən 18:30-a kimi Bern şəhərinin Kasino Platez meydanında keçiriləcəyi bildirilir. 

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilir. 

UEFA Avropa Liqasının play-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıya gələn Sloveniya "Olimpiya"sı bu gün Bakı Olimpiya Stadionunun köməkçi meydanında məşq keçəcək.

Türkiyəli müğənni Petek Dinçöz Azərbaycana gəlir. Sənətçi bu barədə instaqramda məlumat verib. Dinçözün bu gün Şamaxıdakı lüks otellərin birində konserti baş tutacaq. O, şəhid övladları üçün sevilən xitlərini səsləndirəcək. Qeyd edək ki, tədbir “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə baş tutacaq.