İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin yutub kanalı vasitəsilə ixtisas seçimi edəcək abituriyentlərə statistik məlumatlar əsasında diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək. II və III ixtisas qrupları üzrə canlı yayım bu gün saat 11:00-da, I, IV və V ixtisas qrupları üzrə isə avqustun 18-də saat 11:00-da təşkil olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” ilə əlaqədar bu gün Gədəbəy rayonunda ictimai dinləmə keçiriləcək. Tədbir saat 11:00-da Qazax-Tovuz Regional Məşğulluq Filialının Gədəbəy rayon xidmət şöbəsinin inzibati binasında baş tutacaq.   

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müvafiq qurumlarla birlikdə respublika ərazisində müxtəlif növ heyvanlar arasında apardığı epizootoloji monitorinqlər bu gün başa çatır. Monitorinqlər çərçivəsində əldə olunacaq epizootoloji və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək. Eyni zamanda götürülmüş, nümunələr müvafiq müayinələrin aparılması məqsədilə AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasına təqdim olunacaq.

Bu gün Avstraliyanın Sidney şəhəri sahillərində ABŞ, Yaponiya, Hindistan və Avstraliyanın iştirakı ilə “Malabar” hərbi dəniz təlimi keçiriləcək.

Rusiya, 50 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərmək missiyası çərçivəsində bu gün ölkənin uzaq şərqindəki bir qəsəbəni boşaldacaq. Rusiyanın “Roskosmos” Kosmik Agentliyinin məlumatına görə, 1976-cı ildən bəri ilk dəfə Aya kosmik gəmi göndərmək missiyası çərçivəsində “Lunar-25” Aya eniş aparatı Moskvadan təxminən 5550 kilometr şərqdə yerləşən “Vostoçnıy” kosmodromundan buraxılacaq. Kosmik gəminin buraxılacağı ərazidən cənub-qərbdə yerləşən, Rusiyanın Xabarovsk vilayətindəki Şaxtinski yaşayış bölgəsində yaşayan sakinlər bu gün səhər saatlarında ərazidən təxliyə ediləcəklər. Belə ki, raket sürətləndiricilərin cihazdan qopduqları zaman məhz bu əraziyə düşəcəyi ehtimal edilir. “Roskosmos” qeyd edib ki, “Lunar-25” Ayın cənub qütbünə enən ilk cihaz olacaq. Cihazın Ay səthində bir il qalacağı gözlənilir.

Bu gün İngiltərə, Fransa və İspaniyada futbol üzrə 2023/24 mövsümü start götürəcək.