İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gün saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start veriləcək. Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib. Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqust saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktiv ediləcək. 

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verilir.

Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb. Bildirilib ki, müsahibə mərhələsinə 5 660 namizəd dəvət olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi tərəfindən bu gün saat 11:00-da İsmayıllı rayonunda Heydər Əliyev adına Mədəniyyət Mərkəzində ictimai dinləmə keçiriləcək. Tədbirdə məşğulluq imkanlarının artırılmasında önəmli rola malik olan ödənişli ictimai işlər - “İşsizin dostu” proqramı, proqramın fəaliyyət sahələri, bu işlərə cəlb olunma, müraciət qaydaları, DOST İş Mərkəzinin layihələri və s. barədə məlumatlar veriləcək. 

Türkiyə Milli Təhlükəsizlik Şurasının bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasında taxıl tədarükü və taxıl dəhlizi mövzusu müzakirə olunacaq.  

Bu gün Pakistanın federal hökuməti buraxılacaq. Məlumata görə, parlament seçkiləri keçirilənə qədər Şahbaz Şərif müvəqqəti hökumətə başçılıq edəcək.

Yaponiyada mühərrik həcmi 1,9 litrdən çox olan benzin və dizel yanacağı ilə işləyən avtomobillərin, eləcə də hibrid avtomobillərin Rusiyaya ixracına qoyulan qadağa bu gündən qüvvəyə minir. 

Belarusda təşkil edilən 2-ci MDB Oyunları çərçivəsində sərbəst güləşçilər bu gündən mübarizəyə start verir.